İrandan Azərbaycana daha bir hədə
İran lazım bildiyi yerdə hərbi təlimlər keçirəcək.
Modern.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Həsən Həmməti bildirib və əlavə edib ki, İslam Respublikası Cənubi Qafqazın sərhədlərində heç bir dəyişikliyi qəbul etməyəcək.
O, İranın şimal-qərbində Azərbaycanla sərhəddə keçirilən SEPAH təlimlərini şərh edərkən deyib ki, “bu təlimlər güc nümayişi idi, mesajı qonşu ölkələr üçün sülh və dostluq və düşmənlərə qarşı istənilən təhlükəyə qəti cavabdır”.
“Ölkənin şimal sərhədlərində baş verən hadisələr bizim üçün önəmlidir və lazım gəldikdə ölkənin hüquq və təhlükəsizliyini qorumaq üçün təlimlər keçiririk… Heç bir beynəlxalq hüquq region ölkələrində sərhəd dəyişikliyinə icazə vermir; hesab edirik ki, hər bir ölkənin öz ləyaqəti və mövqeyi var və regiondakı bütün ölkələrin ərazi bütövlüyü qorunmalıdır”.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları bir neçə bölmənin iştirakı ilə İranın şimal-qərb sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirib.
Təlimlər zamanı İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları Azərbaycanla sərhəddə ponton körpüləri tikmək və Araz çayını keçmək üzrə məşq edib.
Həmçinin helikopter əməliyyatları və paraşütlə tullanma, gecə zərbələri, döyüş helikopterlərinin iştirakı ilə missiyalar, kamikadze pilotsuz uçuş aparatları, eləcə də hipotetik düşmən tərəfindən idarə olunan marşrutların və yüksəkliklərin ələ keçirilməsi planları hazırlanıb.