Rusiyanın Qarabağda anklav ərazi yaratmaq cəhdinə Müsavatdan etiraz
Oktyabrın 31-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda görülən işlər barədə məlumat dinlənilib. Partiyanın Balakən, Samux və Ağsu rayon təşkilatlarında hesabat-seçki iclaslarının keçirildiyi, hər üç təşkilat yeni sədrlərin seçildiyi bildirilib. Daha bir neçə rayonda iclasların təşkili ilə bağlı tapşırıqlar verilib.
Bir neçə tədbirin keçirilməsi barədə qərar qəbul olunub:
-Noyabrın 7-də Müsavatın bərpa qurultayının 30-cu ildönümü münasibəti ilə partiya qərargahında bayram tədbiri keçiriləcək;
-Noyabrın 8-də saat 12:00-da Zəfər Günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət ediləcək.
Müsavat başqanı Arif Hacılı Çexiyanın müstəqilliyinin ildönümü ilə bağlı bu ölkənin Bakıdakı səfirliyinin təşkil etdiyi ziyafətdə iştirakı barədə məlumat verib.
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması ərəfəsində Rusiya prezidenti Vladimir Putinin “əgər Ermənistan Vaşinqton planına uyğun olaraq Qarabağın Azərbaycan tərkibində qalmasına razıdırsa, onda buyursun” deyərək təhrikçi çıxış etməsi sülh prosesinə zərbə kimi qiymətləndirilib. Müsavat Putinin açıq şəkildə destruktiv mövqe tutmasını və Qarabağda Rusiyanın nəzarətində olan anklav ərazi yaratmaq cəhdini Azərbaycanın müstəqilliyinə ciddi təhdid kimi qiymətləndirir, rəsmi Bakıdan bu təhlükəyə qarşı təsirli tədbirlər görülməsi tələb edir.
Ukraynada və İranda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta