Əli Əliyevə qarşı açılan 4-cü cinayət işi üzrə məhkəmə iclası davam etdirilib
Noyabrın 11-də Bakının Sabunçu rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) kamera yoldaşını döymək ittiham ilə açılan cinayət işi üzrə məhkəmə iclası davam edib.
Əli Əliyev bu ilin yanvar ayının 13-dən etibarən həbsdədir. O, Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Həbsdə olduğu müddətdə partiya sədrinə qarşı daha 2 cinayət işi açılıb və həbs müddəti 1 ilədək uzadılıb. Bu günki məhkəmədə baxılan cinayət işi Əli Əliyevə qarşı açılan sayca 4-cü cinayət işidir.
Hakim Anar Rzayevin sədrliyi keçirilən proses Əli Əliyevin ifadəsi ilə davam edib. O, hadisənin təfərrüatları haqda danışıb. Partiya sədri 2 vəsatət qaldırıb.
Hüquq müdafiəçisi Rüfət Səfərov məhkəmə iclasında iştirak edib:
“Əvvəlki vəsatətlərin əksəriyyəti təmin olunmadığı kimi, ilk iki vəsatət təmin edilmədi. Vəsatətlərdən biri Əli Əliyevin daha əvvəl bərabər saxlanıldığı dustaqları məhkəməyə gətirilib şahid qismində dindirilməsi ilə bağlı idi. Bununla müəyyən olunardı ki, həqiqətən Əli Əliyev birgəyaşayış qaydalarına hansısa zidd hərəkət edibmi? Yoxsa özünü digər dustaqların fövqündə tutubmu?
Zərərçəkmiş şəxsin üzərindəki xəsarətlərin dərəcəsini və s təyin etmək üçün məhkəmə tibb ekspertinin dindirilməsi ilə bağlı vəsatət qaldırıldı. Bu təmin edildi. Ekspert suallara cavab verdi. Əli Əliyev və müdafiəçisi Şəhla Hümbətovanın sualları qarşısında o bir-biri ilə ziddiyyət təşkil edən cavablar verdi”.
Əli Əliyev çıxışında bildirib ki, qısa müddətdə keçirilən sayca dördüncü məhkəməsidir. Bu məhkəmələrin hamısı onun siyasi fəaliyyətiylə əlaqədardır.
“Əli Əliyev qeyd etdi ki, onun ailə üzvlərinə hakimiyyət orqanları tərəfindən çox ciddi təzyiq və təhdidlər var. Əli Əliyev söylədi ki, bütün bunlar hakimiyyət tərəfindən təklif olunan zərfi qəbul etmədiyi üçün baş verir. Bir məsələyə ritorik olaraq yanaşdı ki, əgər mənim fəaliyyətim, partiyamın fəaliyyəti sizin üçün faydasızlıq kəsb edirsə bu təhdidləri buraxın, mən siyasətdən çəkilirəm. Əgər istəyirsinizsə partiya rəhbərliyindən gedim, partiyadan ayrılıram. Bir şəkildə izah etmək istəyirdi ki, belə qanunsuzluqları bir kənara qoyun. Mən deyə bilərəm ki, gələn prosesdə ən pis halda 5 il, ən yaxşı halda 2-3 il ərzində növbəti dəfə azadlıqdan məhrumetmə cəzası gözləyir” – deyə hüquq müdafiəçisi Rüfət Səfərov bildirib.
Növbəti məhkəmə iclası 18 noyabr, saat 10:00-a təyin olunub.
Amerikanın səsi