İranın xeyrinə casusluq edən beş nəfər Azərbaycan vətəndaşı həbs olunub
Azərbaycanda İran agenturasının darmadağın edilməsi vüsət alır. Bir neçə iranlı terrorçunun ifşasından sonra noyabrın 14-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İranın xeyrinə casusluq edən 5 ölkə vətəndaşının ifşa edildiyini bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin məlumatına görə, onlardan biri Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zahir Əsgərovdur. O, İranın Qum şəhərində dini təhsil alarkən əməkdaşlığa cəlb edilib və orada İran kəşfiyyatı ilə gizli əməkdaşlığa başlayıb.
Gəmi kapitanı olan Əsgərov xarici şirkətlər və xarici dövlətlərin Azərbaycandakı nümayəndəlikləri, Xəzərdə hərbi dəniz donanması təlimlərinin keçirilmə yeri və vaxtı, neft platformalarına çatdırılan yüklər haqqında məlumat toplayıb və bu məlumatları mobil rabitə vasitəsilə, İrandakı kuratorları ilə görüşlər zamanı ötürüb.
Bundan əlavə, istintaqın məlumatına görə, Azərbaycan vətəndaşı Elnur Rəsulov 2018-ci ildə İranda olarkən İranın xüsusi xidmət orqanları tərəfindən cəlb edilib. Sonradan o, öz qohumu Arif Rəsulovu da casusluğa cəlb edib.
Onlar birlikdə Bakının Qaradağ rayonunda neft və qaz kəmərlərinin marşrutlarının, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin pilotsuz uçan aparatlarının, zirehli texnika və hərbi avadanlığın, strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin dislokasiya yerlərinin, habelə kimi Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında radiolokasiya nəzarət sistemlərinin fotolarını çəkiblər. Çəkilişlər WhatsApp vasitəsilə İranın xüsusi xidmət orqanlarına ötürülüb.
İranlılar tərəfindən cəlb edilmiş digər şəxs bu ölkədə dini təhsil alarkən əməkdaşlığa razılıq verən Bəxtiyar Ağazadədir.
O, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin nümayəndəlikləri, ictimai-siyasi vəziyyət, hərbi hissələr və onların komanda heyəti haqqında məlumatları toplayıb iranlılara ötürüb.
Həmçinin müəyyən edilib ki, Azərbaycan vətəndaşı Mirhafiz Cəfərzadə İranda gizlənən Orxan Məmmədovun tapşırığını yerinə yetirərək hərbi təyinatlı obyektlərə dair məlumatları toplayıb və Telegram messenceri vasitəsilə iranlılara ötürüb.
Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) məsuliyyətə cəlb edilib, onların hamısı həbs olunub.
Araşdırma zamanı o da müəyyən edilib ki, İran xüsusi xidmətinin göstərişilə hərəkət edən və İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri WhatsApp-da gizli qruplar, “Müzakirələr”, “Elanlar” və digərlərini yaradıblar, dini rejimin yaradılması üçün Azərbaycanda konstitusiya quruluşunu devirməyə yönələn radikal, dini- ekstremist ideyaları onların vasitəsilə yayıblar, məlumatda deyilir.