Alman həkimlər Navalnının zəhərləndiyini təsdiqlədi
Almaniyalı həkimlər Berlinin “Şarite” klinikasında müalicə olunan rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərləndiyini təsdiqləyib. Onların dediyinə görə, klinik tədqiqatlar vücudun xolinesteraza qrupundan olan bir maddə ilə intoksikasiyasını göstərib.
Zəhərli maddənin bədənə təsiri bir neçə müstəqil laboratoriya tədqiqatı ilə təsdiqlənib. Həkimlərin dediyinə görə, süni komada olan Navalnının vəziyyəti ağır olaraq qalır, ancaq ölüm təhlükəsi yoxdur.
Xolinesteraz inhibitorlarının farmakoloji qrupuna aid olan maddələr nevrit, amiotrofik skleroz, Altsgeymer xəstəliyi, zehni patologiyalar üçün istifadə olunur.
Onlar kimyəvi müharibədə istifadə oluna bilən maddələr kimi tanınır. Onların ailəsinə, xüsusən də “Noviçok” adlı zəhərli maddə daxildir. Bundan əlavə, bir sıra təbii zəhərlərdə xolinesteraz inhibitorlarına rast gəlinir.
Qeyd edək ki, avqustun 20-də Aleksey Navalnı zəhərlənmə əlamətləri ilə reanimasiyaya yerləşdirilib.
Müxalifətçinin göyərtəsində olduğu təyyarə Rusiyanın Omsk şəhərində təcili eniş edib. Navalnının mətbuat katibi bunun məqsədli zəhərlənmə ola biləcəyini güman edir. “Navalnı bu gün səhər Tomsk şəhərindən Moskvaya qayıdırdı. Uçuş zamanı onun halı pisləşdi.Təyyarə Omska təcili eniş etdi. Alekseyin toksik zəhərlənməsi olub. İndi biz təcili yardım maşını ilə xəstəxanaya gedirik”, – siyasətçinin sözçüsü Kira Yarmış Twitter hesabından bildirib.
Basta