Müsavat Rusiya hərbi gəmilərinin Bakı buxtasına girişini pisləyir

Müsavat Divanının növbəti iclası keçirilib. İclasda ilk olaraq görülən işlər və tapşırıqların icrası barədə Gülağa Aslanlı məlumat verib.

Əbülfəz Elçibəyin anım günü ilə bağlı Müsavat Partiyası və MSDM in birgə təşkil etdiyi “Elçibəy: Milli oyanışdan istiqlal və demokratiyaya doğru” onlayn toplantı, Müsavat Partiyasının təşkilatçılığı ilə Fəxri Xiyabanda Elçibəyin məzarının ziyarət edilməsi haqqında məlumatlar dinlənilib. Hər iki tədbirin qənaətbəxş olması qeyd edilib.

Divan üzvü Razim Əmiraslanlı Müsavat Partiyasının ofisində baş vermiş oğurluq hadisəsinin araşdırması və bu günə qədər olan nəticələr barədə ətraflı məlumat verib.

Divan üzvü Nemət Kərimli Tofiq Yaqublunun məhkəmə prosesi haqqında məlumat verib, məhkəmənin uydurma ittihamlar əsasında qurulduğu, hüquqa zidd olaraq davam etməsi xüsusi qeyd olunub.

Divanda son günlər ölkədə, regionda və dünyada baş verən hadisələr geniş müzakirə edilib.

Belarusda seçki saxtakarlığına qarşı etiraz aksiyalarının regionda demokratikləşməyə mümkün təsirləri mövzusu ətraflı müzakirə edilib.

Bakı buxtasına rus hərbi donamasının gəlişi və xüsusi törənlə qarşılanması Divan üzvləri tərəfindən müzakirə edilərək pislənilib.

Sonda cari məsələlər müzakirə edilib.