Gürcüstan hakimiyyəti geri çəkildi: etirazlara səbəb olan layihə geri çağırıldı

Tbilisidəki kütləvi etirazlar fonunda hakim “Gürcü Arzusu” partiyası xarici təsirin şəffaflığı haqqında qanun layihəsini Gürcüstan parlamentindən geri götürmək qərarına gəlib. Bu barədə siyasi birliyin cümə axşamı dərc olunmuş bəyanatında deyilir.

“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək əhalinin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu.

Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb etməyə nail olublar. Biz ölkəmizdə sülhə, əmin-amanlığa və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolu ilə irəliləməsinə ən çox diqqət yetirməliyik. Ona görə də hər bir həmvətənimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır.

Bütün qeyd olunanları nəzərə alaraq, cəmiyyətin hər bir üzvü qarşısında məsul orqan olaraq, dəstəklədiyimiz qanun layihəsini heç bir qeyd-şərtsiz geri götürmək qərarına gəldik.

Emosional fon səngidikcə, qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin hər bir detalı ilə bağlı bütün həqiqətləri geniş ictimaiyyətə çatdıracağıq.

Biz idarəedici qüvvə olaraq cəmiyyətin hər bir üzvü qarşısında daşıdığımız xüsusi məsuliyyətlə hərəkət edirik.

Gürcüstan sülh və sabitliyi qoruyacaq və gürcü cəmiyyətinin əsas seçimi olan Avropaya doğru layiqincə irəliləyəcək”, – deyə, partiyanın saytında yerləşdirilən bəyanatda vurğulanır.

Basta