“AMDP fəaliyyətini davam etdirəcək”

Sədrin partiyanı buraxmaq qərarına “Bozqurdlardan” etiraz

Azərbaycan Milli Demokrat  Partiyasının (AMDP “Bozqurd”) “özünü buraxması” haqqında Tufan Kərimlinin qərarı qurumun daxilində sərt etirazla qarşılanıb.

Bu haqda partiyanın sədr müavini, Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin təmsilçisi Eldar Tağıyev bildirib. Bu qərarı özbaşınalıq adlandıran Eldar Tağıyev qeyd edib ki, Tufan Kərimlinin qərarı partiyanın nizamnaməsinə tam ziddir: “Nizamnamənin 11.1 bəndinə əsasən Partiyanın fəaliyyətinə xitam vermək səlahiyyəti yalnız Qurultay və ya Məhkəmə qərarı ilə baş verə bilər”.

Eldar Tağıyev qərardan məhkəməyə şikayət veriləcəyini, “Bozqurdların” öz fəaliyyətlərinə davam etdirəcəklərini bildirib. Partiya yetkilisi qurumun Təşkilat Komitəsinin bununla bağlı bəyanatını da redaksiyamıza təqdim edib.

“Bizim partiyanın üzvlərinin böyük hissəsi Qarabağda Azərbaycanın ərazi bötüvlüyü uğrunda döyüşlərdə iştirak etmiş və qazi olmuş, 30 ildən artıq haqq mübarizəsinin önündə olmuş, daim millətçilik və dövlətçilik yolunda şəxslərdir. Bizim əziyyətimizin üzərindən belə xətt çəkməyə heç kimin haqqı yoxdur və çəkə bilməz” – deyə, partiya yetkilisi vurğulayıb.

Qeyd edək ki, AMDP 2008-ci ilin dekabrında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Son dövrdə qeydiyatdan keçmiş 13 siyasi partiya özünü buraxdığını elan edib. Bu kampaniyanın hakimiyyətin göstərişi ilə həyata keçirildiyi bildirilir.

Basta