Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib
Bu il fevralın 20-də Almaniyadan İrana getdikdən sonra barəsində məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin iyunun 1-də bu ölkədə casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə deyib ki, İran Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi cavaba əsasən Azərbaycan Xarici İşlər Nazirliyi ona oğlunun casusluq ittihamı ilə həbs edilməsi barədə məlumat verib.
“Bu casusluq ittihamını eşidəndə həm gülməyim gəlir, həm də ağlamağım. Fərid və casusluq, bu, gülməlidir. Günahsız bir insanın casusluq ittihamı ilə həbs edilməsi isə ağlamalıdır. Kifayət qədər ağır ittihamdır. Bu maddə ilə ittiham olunanlara hansı ağır cəzanın verildiyini firkirləşəndə bir ana kimi ürəyim parça-parça olur”, o qeyd edib.
Dilarə Əsgərova oğlunun azad olunmasına kömək etməsi xahişi ilə Azərbaycan prezidentinə müraciət edəcəyini bildirib. O, həmçinin Almaniya hökumətinə də müraciət edəcək.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
“Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib”, o qeyd edib.
Əsgərova martın son günlərində İranda oğlunu axtarıb, amma oğlu ilə bağlı məlumat əldə edə bilməyib. Bundan sonra ana martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfriliyinə iki dəfə nota verib.
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsi Amerikanın Səsinin Fərid Səfərli ilə bağlı İranın cavabı barədə sorğusuna yaxın müddətdə cavab verəcəyini bildirib.