Totalitar cəmiyyətin faciəsi

Subyektiv

Xəqani Cəfərli

Azərbaycan cəmiyyəti heç vaxt indiki qədər totalitar toplum olmayıb. Hakimiyyətin yarada bilmədiyi totalitar cəmiyyəti toplum özü yaradıb. Cəmiyyətin totalitarlaşmasının nəticəsi olaraq siyasi və ictimai fəaliyyət ən aşağı səviyyəyə düşüb. Çünki, totalitar cəmiyyət hamının bir yerdə olduğu, lakin hamının özünü tək hiss etdiyi bir cəmiyyətdir.

Cəmiyyətin totalitarlaşması toplumdakı əlaqələrin, sosial bağlarının qırılmasına gətirib çıxarıb. İnsanlar arasında qarşılıqlı etimadın itməsi kollektiv fəaliyyət bacarıqlarının itirilməsinə səbəb olub. Etimadın itdiyi toplumlarda dövlətlə bağlılığı olmayan demokratik təsisatların və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti mümkünsüz hala gəlir. Bu isə sonda sosial nekroza, toplumun müqavimət qabliyyətini itirərək yaşamını davam etdirə bilməməsinə səbəb olur.

Toplumda ümumi bir ağrı var və cəmiyyətin bütün üzvüləri ağrıdan bir-birlərinə qışqırırlar. Bəzi insanlar hündürdən qışqırmağı özlərinə rəva görmürlər, amma onlar da ürəklərində qışqırırlar.

Ermənilərin bizə ən böyük düşmənçiliyi, pisliyi torpaqlarımızı işğal edib 27 il əsarət altında saxlaması, talan etməsi deyil. Ermənilərin bizə ən böyük pisliyi ondan ibarətdir ki, onlara bənzəməyimizə nail olublar. Azərbaycan cəmiyyəti də erməni toplumu kimi totalitarlaşıb.

Türkiyənin Rusiyadan S-400 “Triumf” Zenit-Raket Kompleksi almasının çox böyük yanlış olduğunu, buna görə F-35 qırıcı təyyarələrinin isteshsalı proqramından kənarlaşdırıacağını söylədiyim zaman mənə Ankaranın doğru addım atdığını sübut etməyə çalışırdılar. Həmin anlar youtube və facebook-un alxivində var. Ukrayna ordusunun HIMARS yaylım atəşli reaktiv sistemi ilə S-400 “Triumf” ZRK-nın komanda sistemini sıradan çıxarması Türkiyənin nə qədər yanlış addım atdığını təsdiqləyir. Məlum oldu ki, S-400 “Triumf” ZRK-a hətta HIMARS qarşısında özünü qorumaq imkanına malik deyil. Türkiyə isə F-35 proqramından kənarlaşdırılmaqla bir neçə milyard dollar gəlirdən və beşinci nəsil qırıcılara sahib olmaq imkanından məhrum oldu. İndi isə dördüncü nəsil qırıcı təyyarə olan F-16 almaq üçün Vaşinqtonla anlaşmaq məcburiyyətindədir.

Prezident seçkilərində Rəcəb Tayyip Ərdoğanın qalib gələcəyi halda Türkiyənin iqtisadi vəziyyətinin daha da pisləşəcəyini ifadə edən zaman da eyni reaksiyanı müşahidə etdim. Siyasətdən, iqtisadiyyatan və sosiologiyadan xəbərsiz adamlar bu mövqeyimi Türkiyə əleyhinə fikirlər kimi dəyərləndirdilər. Mən yenə haqlı çıxdım. Prezident seçkisininin nəticəsi bəlli olduqdan sonra Türkiyə valyutası sürətlə ucuzlaşmağa başlayıb və üç gün ərzində dollar qarşısında bir lirə ucuzlaşıb.

İqtisadiyyatdan anlayışı olmayanlar üçün bu çox kiçik məsələ ola bilər. Amma Türkiyənin milli valyutasının dollar qarşısında bir lirə ucuzlaşması Türkiyənin xarici borcunun təxminən 500 milyard lirə artması deməkdir. Bir dolların qısa zamanda 28 lirəyə bərabər olacağı gözlənilir. Əgər bu ehtimal gerçəkləşsə bu o demək olacaq ki, Türkiyənin xarici borcu 4 trilyon lirə artacaq. Müqayisə üçün qeyd edim ki, Türkiyənin dövlət büdcəsinin gəlir hissəsi 4 trilyon lirədən azdır. Borc bataqlığında boğulan ölkə isə heç zaman güclü dövlət olub vətəndaşlarının rufahını təmin edə bilməz. Pakistanın düşdüyü acıanacaqlı vəziyyət buna ən bariz nümunədir. Təəssüf ki, Azərbaycan cəmiyyətinin böyük hissəsi ən adi gerçəklikləri qəbul etmək iqtidarında deyil.

Müsəlman Şərqində üstün mədəniyyəti və zəkası ilə fərqlənən, bəşəriyyətə Mirzə Fətəli Axundzadə, Məhəmməd Əmin Rəsulzadə, Uzeyir bəy Hacıbəyli kimi nəhəng şəxsiyyətlər bəxş edən toplumun düşdüyü acınacaqlı vəziyyət bundan ibarətdir.