İranda saxta spirtli içkilərdən zəhərlənənlərin sayı təhlükəli həddə çatıb

İranda spirtli içkilərdən zəhərlənənlərin sayının artması ciddi narahatlıq doğurub.

Ölkə parlamentinin Səhiyyə Komissiyasının üzvü Humayun Sameyəh Nəcəfabadi problemlə bağlı xəbərdarlıq edib.

O, ölkədə spirtli içkilərdən istifadənin hətta qanuni qadağanın olmadığı ölkələrlə müqayisədə daha çox olduğunu deyib.

Humayun Sameyəh Nəcəfabadi son həftələr ərzində Əlborz, Tehran və Mazandaran əyalətlərində etanol istehlakı səbəbindən azı 29 nəfərin öldüyünü, 250 nəfərin zəhərləndiyini vurğulayıb.

“Əldəqayırma spirtli içkilərin istehlakı artıb. İranda spirt istehlakı, bununla bağlı qadağa tətbiq etməyən ölkələrlə müqayisədə belə daha yüksəkdir”,- parlamentin üzvü bildirib.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağandır.

Ona görə də gizli və standartlara uyğun olmayan şəkildə hazırlanan spirtli içkilər hər il yüzlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Günaz.TV