Müsavat Divanının gündəliyi

İyulun 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, başqan Arif Hacılı iclasa onlayn olaraq qatılıb. Toplantıda təşkilati məsələlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və partiya rəhbərliyinin iştirak etdiyi tədbirlər barədə məlumat verib. Mərhum prezident, Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 85-ci ildönümü ilə bağlı, onun məzarının ziyarət edilməsi təqdir olunub.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda sülh danışıqları apardığı dövrdə Qarabağda növbəti təxribata əl atılması və separatçı rejim tərəfindən bu danışıqların dayandırılmasına çağırış edilməsi Rusiyanın regionda pozuculuq fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib. Qeyd olunub ki, rəsmi Bakı ilə Yerevanın təmsilçiləri günlərlə davam edən müzakirə aparsalar da, Rusiyanın basqıları fonunda nəinki sülh sazişi, hətta hər hansı bir bəyanat, yaxud niyyət protokolu imzalamağa cürət etmirlər.

Gədəbəyin Söyüdlü kəndində yerli əhaliyə qarşı repressiyaların davam etməsi barədə məlumatlardan narahatlıq ifadə olunub, buna son qoyulması və əssas olaraq tutulan şəxslərin azadlığa buraxılması hakimiyyətdən bir daha tələb olunub.

İranda qanunsuz olaraq həbs edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin azad edilməsi üçün təsirli tədbirlərin görülməsi hakimiyyətdən tələb edilib.

Rusiyada Putin rejiminə qarşı qiyam cəhdi, Ukrayna cəbhəsində son vəziyyət və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta