Siyasi partiyaları niyə bağlamaq istəyirlər?
Subyektiv
Ayxan Hacıbəyli
Çox ritorik sualdır, ən azı İlham Əliyev demək olar hər çıxışında Müsavat və AXC hakimiyyəti haqqında dediyi yalanlarla bu sualın cavabını verir. Ümumən Azərbaycanda Müsavat Partiyasının və ya AXCP-nin üzvü olmaq üçün böyük cəsarət lazımdır, çünki daima təzyiqlər və repressiyalarla üzləşirsən.
Bu partiyaların üzvlərinin siyahılarını əldə etmək ölkə rəhbərliyinin çoxdankı arzusudur. İllər boyu cürbəcür mexanizmlərlə bu siyahıları əldə etməyə cəhd ediblər.
Əslində, söhbət heç də partiya üzvlərinin sayı məsələsi deyil, 1 ay sonra Müsavat yenə 5000 siyahı verər, buna da “yox” desələr, yenə verər. Bağlamaq istəyirlərsə Müsavat Partiyası da, Azərbaycan Xalq Cəbhəsi Partiyasını da xırda bir bəhanə ilə bağlayarlar.
Bu avtoritar qanunun əsas məqsədlərindən biri, hətta birincisi, fikrimcə, Azərbaycanda payızda gözlənilən referendumdur. Hökumət saytlarının dediyinə görə, payızda proporsional seçki sisteminin bərpası gözlənilir. Hətta hər məntəqədə saxtakarlıqla belə, Müsavat hər seçkidə Azərbaycanda ən çox səs alan 2-ci partiya olurdu. Yəni, proporsional seçki olarsa, total saxtalıqlara baxmayaraq Müsavat və AXCP-nin Milli Məclisə düşməmə ehtimalı yoxdur. Seçkiyə ittifaq halında və ya ayrı-ayrılıqda qatılmanın fərqi yoxdur. Proporsional seçkidə hər iki partiya parlament partiyası olur. Bu həm də hər iki partiyanın məcburi dövlət tərəfindən maliyyələşdirməsinə gətirir.
REAL partiyasını bağlamaq cəhdi də, fikrimcə, ilk növbədə bu səbəbdəndir. Ona görə ya Müsavatı və AXCP-ni bolşevik təfəkkürü ilə bağlamağa cəhd göstərəcəklər, ya da seçki zamanı bizlərə bürokratik əngəllər yaradaraq seçkidən kənar tutmağa çalışacaqlar. Ola bilsin seçki oldu, ancaq bu zaman biz yenə növbəti 5000-lik siyahı ilə bağlı Ədliyyə Nazirliyinin cavabını gözləməli olduq.
Müxalifətin bir balaca güclənməsi bu hakimiyyətin qaçılmaz sonudur. Bu hakimiyyətdən xalq razı deyil, qazilər razı deyil, sağçısı-solçusu, dindarı-ateisti, qocası-cavanı, Naxçıvanlısı-Şamaxılısı və sair.
Heç kiçik məmurları da razı deyil ölkədəki vəziyyətdən. İlham Əliyevin bir məşhur sitatı var idi: “Mən buna dözə bilmərəm!” Həqiqətən də dözə bilməz, hakimiyyətdən gedər və gedəcək də. Lap Azərbaycanın qurucu partiyası , 111 illik Müsavatı bağladılar. Təəccüblənərikmi? Yox.
İlham Əliyev üçün nə 1918-ci ildəki istiqlal mübarizəmizin, nə meydan hərəkatı və müstəqillik uğrunda mübarizəmizin bir dəyəri yoxdur. Əsl bolşevik kimi, xalqın İstiqlal və müstəqillik mübarizəsinə urvatsız münasibətini tez-tez təkrarlayır. Heç müstəqillik də vacib deyil İlham Əliyev üçün, 22 fevral 2022-də Rusiya ilə müttəfiqliyə (faktiki vassallığa) imza ataraq bunu da bizlərə göstərdi. Onun üçün vacib olan tək şey – hakimiyyətdir. Müsavatı bağlaya bilər, ilk dəfə başımıza gəlməyib, amma…
Amma nə oraq biçdi səni, nə çəkic əzdi.
Sünbül kimi bir də dikəlib, qalxdı Müsavat!