Bərbər nə zamandan vəzifəli şəxs olub? – Agentlikdən şikayət
“Günümə 5-6 manat qazanıram. 80 manat cərimə kəsiblər, məni vəzifəli şəxs kimi qeyd ediblər. Bərbər nə zamandan vəzifəli şəxs olub?”
Dövlət Reklam Agentliyinin Şəki Regional Şöbəsindən şikayət var. Baləkən rayon sakini Daşdəmirov Rafiq Əsəd oğlu “Basta” nın redaksiyasına müraciət edərək bildirib ki, Regional Şöbənin əməkdaşları ilə əvvəldən razılaşmaları olsa da, sonradan problem yaranıb.
Rafiq Daşdəmirovun sözlərinə görə, 2019-cu ildə işlətdiyi kiçik bərbər dükanının qarşısına 2 kvm-lik reklam yerləşdirib. Həmin dövrdə sahəsi 2 kvm-dən az olan reklam lövhələrinə dövlət rüsumu təyin edilmədiyindən hər-hansı problem yaşanmayıb. 2021-ci ilin sentyabrında isə Reklam Agentliyinin əməkdaşları R. Daşdəmirovun bərbərxanasının qarşısına vurulan reklam lövhəsinin ölçüsünün mövcud qanunvericiliyə görə qaydaları pozduğunu deyiiblər.
Sözügedən bərbərxana
Bildiriblər ki, 2020-ci ildə reklam lövhələri haqda qanuna dəyişiklik olunub, artıq ölçüsü 2 yox, 1kvm-dən artıq olan lövhələrə dövlət rüsumu ödənməlidir. Agentliyin əməkdaşı Kərimov Elvin Rafiq Daşdəmirova deyib ki, ya ayda 6 manat ver, ya da reklamı söküb atacağıq.
“Həmin dövrdə pandemiyanın kəskin vaxtları idi. İnsanlar bir-birinə yaxınlaşmağa qorxurdular. Bu səbəbdən də iş yox idi. Həmçinin ailəliklə koronavirusa yoluxmuşduq. Bir manat da qazancım yox idi. Hadisənin üstündən 3 ay keçdikdən sonra poçtalyon mənə Baləkən rayon məhkəməsindən məktub gətirdi. Hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən iclasda mənə 1500 manat cərimə kəsiblər. Məhkəmə də mənim iştirakım olmadan necə keçirilib bilmirəm. Ayın 9-u məhkəmə iclası olub, mənə 13-də bildiriş gəlib ki, 9-u məhkəməndi. Prezident deyib 2 kvm artıq olanda pul alın, Reklam agentliyi 1 kvm-dən artıq olanda alır. Beş nəfərdən ibarət ailə üzvüm var, təkcə də işləyən mənəm. Məni vəzifəli şəxs kimi qeyd ediblər. Bərbər nə zamandan vəzifəli şəxs olub? Prezident bunlara deyib, aztəminatlı ailələrə kömək edin, bunlar isə zülüm edirlər. Hər ay 70-80 manat ödəməliyəm, bir günə ancaq 5-6 manat qazanıram, nə edim mən? Bu işin yenidən araşdırılmasını xahiş edirəm”, -Rafiq Daşdəmirov deyir.
Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Dövlət Reklam Agentliyinə.
Hüseyn Əzizov
Qurumun mətbuat katibi Hüseyn Əzizov telefon görüşməsində bildirdi ki, reklamların tənzimlənməsi ilə bağlı qanuna dəyişiklik edilib. Bu halda Agentliyin Regional Şöbəsinin əməkdaşları vəziifələrini icra ediblər. Qanuna görə, 2 kvm -i əhatə edən reklam üçün dövlət rüsumu ödənməlidir.
Hüseyn Əsizov aztəminatlı ailənin qarşılaşdığı problemin aradan qaldırılması üçün hər-hansı addım atmaq olarmı?, sualımıza, “Məhkəmə qərar veribsə biz heçbirşey edə bilmərik”, dedi.
Hüseyn Əziziov onu da bildirdi ki, vətəndaş Rafiq Daşdəmirov qarşılaşdığı problemlə bağlı Agentliyə yazılı müraciət edərsə araşdırılacaq, əməkdaşlar hər-hansısa qanun pozuntusuna yol veribsə ölçü götürüləcək.
Könül Alı
Basta2.com