Bayden Priqojinin öldürülməsinin arxasında Putinin dayandığına işarə etdi

ABŞ prezidenti Co Bayden jurnalistlərə müsahibəsində Rusiyanın Wagner hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin ölümünün təfərrüatlarını bilmədiyini söyləyib.

“Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmədim” – deyə, Bayden vurğulayıb. Jurnalistlərin təyyarə qəzasına görə Vladimir Putini məsuliyyətli hesab edib-etməməsi ilə bağlı sualına ABŞ prezidenti belə cavab verib: “Rusiyada Putinin arxasında olmadığı çox az şey var. Cavab vermək üçün kifayət qədər məlumatım yoxdur”.

Avqustun 23-ü axşam saatlarında Wagner-in yaradıcısı Yevgeni Priqojinə məxsus təyyarə Tver vilayətində qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, sərnişinlərin siyahısında biznesmen, hərbi şirkətin komandiri Dmitri Utkinin  də adı var.

“Grey Zone” teleqram kanalı Priqojin və Utkinin öldüyünü bildirib.

Bu təyyarə qəzası Priqojinin üsyanından düz iki ay sonra baş verib.

“İnterfaks”ın məlumatına görə, Priqojinin biznes təyyarəsinin qəzaya uğradığı yerdə axtarış əməliyyatı başa çatıb. 10 nəfərin meyiti tapılıb.