Qarabağdakı separatçı rejim əhalinin Ermənistana köçməsinin qarşısını almaq üçün tədbirlərə başladı

Xankəndidəki separatçı rejimin başçısı Samvel Şahramanyan yerli sakinlərin Ermənistana köçünün qarşısını almaq üçün xüsusi tədbirlər hazırlayır.

“Hraparak” qəzetinin məlumatına görə, bu gün Şahramanyan həmin tədbirlərlə bağlı tapşırıqlar vermək üçün xüsusi iclas çağırıb.   

Məlumatda bildirilir ki, Qırmızı Xaç və ya Rusiya sülhməramlıları vasitəsilə Ermənistan Respublikasına gedən bütün qruplar əvvəlcədən qeydiyyatdan keçərək dəqiq müəyyən edilib. Bura səhhətində ciddi problemləri olan şəxslər, Rusiya Federasiyasının vətəndaşları və onların ailə üzvləri, Qarabağdakı  mədən sənayesində, digər sahələrdə tikintidə işləmiş Ermənistan vətəndaşları, habelə Ermənistanda və digər xarici dövlətlərdə ali təhsil alan şəxslər daxildir. 

“Lakin bu müddət ərzində ayrı-ayrı şəxslər qaydalardan yan keçərək müxtəlif yollarla Qarabağı tərk edirlər ki, bu da haqlı narazılıqlara səbəb olur” – deyə, “Hraparak” qəzeti qeyd edir.

Bildirilir ki, separatçı rejimin başçısı bu məsələni nəzarətə götürmək üçün yerlərdə işçi qrupların  yaradılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Ermənistan KİV-i Qarabağda 120 min erməni əsilli sakinin yaşadığını iddia edir. Lakin Rusiya sülhməramlı qüvvələrinin bununla bağlı son məlumatında, bu rəqəmin 53 min nəfər olduğu göstərilir. Rəsmi Bakı bu rəqəmin daha kiçik olduğunu bildirir.  

Basta