Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları açıldı

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 1 yük, 2 minik maşını artıq Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin postunu keçib.

APA-nın müxbiri xəbər verir ki, humanitar yardım daşıyan avtomobilləri qarşı tərəfdə BQXK-nın Xankəndində yerləşən ofisinin nümayəndələri qarşıladılar.

Ermənistan mediası avtmobillərin artıq Xankəndinə çatdığı barədə xəbər yayıb.

***

Qarabağdakı separatçı rejim Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasına razılıq verib.

Bu haqda Ermənistan mediası məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda vasitəçilər rəsmi Bakı ilə Qarabağdakı erməni əsilli vətəndaşların nümayəndələri arasında görüş  təşkil etməyə çalışırlar.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları vasitəsilə çatdırılması barədə razılığın əldə edilməsini alqışlayır.

Bu barədə Mdern.az-a Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib.

“Təəssüf edirik ki, hər iki yolun eyni anda açılması ilə bağlı hələ 2023-cü il sentyabrın 1-də razılıq əldə edilməsinə baxmayaraq, bunun reallaşdırılması yalnız sentyabrın 18-də baş verəcək.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti hesab edir ki, yüklərin aparılmasının siyasiləşdirilməsi, onun qarşısının alınması yolverilməzdir. Zərurət olduğu təqdirdə, müstəqil, bitərəf təşkilat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu prosesə istənilən dəstəyi verməyə hazırdır”, – Cəmiyyətdən qeyd edilib.