Azərbaycan ordusunun antiterror əməliyyatına başlaması ilə əlaqədar Müsavat Partiyasının bəyanatı
Sentyabrın 19-da əksəriyyəti minaya düşərək 11 nəfər Azərbaycan vətəndaşı şəhid olub. Hadisə Rusiya sülhməramlı kontingentinin nəzarətinə aid olmayan, Azərbaycan ordusunun dəfələrlə istifadə etdiyi yolda baş verib. Hər şey onu göstərir ki, Ermənistan tərəfi bu minaları son günlərdə basdıraraq, növbəti təxribata əl atıb. Bununla da iki ölkə arasında sülh prosesinə ciddi zərbə vurulub.
Azərbaycan Müdafiə Nazirliyi bu təxribatdan dərhal sonra antiterror əməliyyatının başlandığı barədə məlumat yayıb.
Ölkənin bütün ərazisində dövlət suverenliyimizin bərpası, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konstitusiya və qanunlarımıza, həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq gərəkən tədbirlərin həyata keçirilməsi Azərbaycan dövlətinin müstəsna hüququdur.
Müsavat Partiyası eyni zamanda Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi və etibarlı sülhün əldə olunması üçün danışıqların davam etdirilməsini zəruri sayır.