GündəmManşet

9 il həbs cəzası verilən Elgiz Qəhrəmanın məhkəmədə çıxışı

İctimai fəal Elgiz Qəhrəman 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökm noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə elan olunub.

Eyni iş üzrə “Meclis.info”nun rəhbəri İmran Əliyevə 10 il həbs cəzası verilib. Digər təqsirləndirilən Tamella Musayevaya isə şərti cəza təyin olunub.

Elgiz Qəhrəman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsiri bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onun məhkəmə çıxışını təqdim edirik:

“Hörmətli Məhkəmə Kollegiyası,
Mənə elan olunmuş ittihamdan görünür ki, guya mən mütəşəkkil dəstə tərkibində Azərbaycan Respublikasının qanunveriçiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, mütəşəkkil dəstə tərkibində cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə belə əmlakın konversiyası və köçürülməsi, həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və digər əqdlərin həyata keçirilməsi nəticəsində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmış, mütəşəkkil dəstə tərkibində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli və bəyan etməməklə külli miqdarda pul vəsaitlərini ölkə xaricindən qaçaqmalçilıq yolu ilə keçirmiş, mütəşəkkil dəstə tərkibinde xeyli miqdarda vergiləri ödəməkdən yayınmış, mütəşəkkil dəstə tərkibində hüquq verən və vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və bilə-bilə saxta sənədlərdən istifadə edərərk Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişəm.

Bildirirəm ki, mənə istintaq tərəfindən Azərbaycan Respublikası CM-nin 192.2.2, 192.2.3, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə nə istintaq zamanı, nə də məhkəmə baxışı zamanı ittihamları qəbul etməmişəm və bir daha bildirmək istəyirəm ki,elan olunmuş ittihamlar qərəzli və əsassızdır.

Hörmətli Məhkəmə Kollegiyası,
Bildiyiniz kimi, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zaman təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
Uzun sürən məhkəmə araşdırması zamanı ittiham tərəfindən mənə elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməyimə dair heç bir sübut ortaya qoyulmamışdır. Mən ümumiyyətlə məclisifo və ya başqa hər hansı bir platformanın nə qurulmasında, nə dəki fəaliyyətində yaxından uzaqdan iştirak etməmişəm. Həmin Platformanın yaradılmasında mənim heç bir rolum olmayıb. Qeyd olunan platformanın həyata keçirdiyi maliyyə əməliyyatları barədə məlumatsız olmuşam.Məhkəmə araşdırması bir daha onu göstərdi ki, istintaq tərəfində mənə elan olunmuş ittiham qanunsuz və əsassız olmaqla yanaşı heç bir mötəbər sübutlara əsaslanmır.Belə ki,mən ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul deyiləm. Belə olan halda guya mənim qanunsuz sahibkarlıqla məşğul olmağıma,vergidəm yayınma,çirkli pulların yuyulmasına dair həmçinin, eyni zamanda qaçaqmalçılıqla bağlı mənə elan olunmuş ittiham sadəcə və sadəcə gülüş doğura bilər.Başqa heç bir şey.Çünki aylarla davam edən məhkəmə iclasları zamanı məhkəmədə şahid qismində ifadə vermiş şəxslər mənim qeyd olunan cinayət əməllərini törətməyimə dair heç bir ifadə verməmişlər.Dövlət İttihamçısı və məhkəmə tərəfindən mənə elan olunmuş cinayət əməllərini neçə törətməyimlə bağlı şahidlərə heç bir sual verilməmişdir. Təkcə verilən suallar ondan ibarət olmuşdur ki, Elgiz Qəhramanı tanıyırsız ya yox.Heç bir şahid məhkəmə iclasında mənim məclisinfo pıatformasının qurulmasında rolumun olması barədə heç bir məlumat verməmişdir. Şahidlərin bir qismi məni tanımadıqlarını, bir qısmi isə mənimlə yoldaşlıq münasibətlərində olduqlarını bildirmişlər. Nəzərə almaq lazımdır ki, sübutlar təkcə şahid ifadələri deyil. Mənim qeyd olunan cinayət əməllərini tərətməkdə iştirakımı və rolumu təsdiq edən hər hansı yazışma, səs yazıları, videogörüntü və ya maddi sübut istintaq tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı sübutların tədqiqi nəticəsində mənə istinad edilən cinayət əməllərini törətməyim sübuta yetirilməmiş, ümumiyyətlə mənim iştirakımla hər hansı cinayət hadisəsinin baş verməsi və əməllərimdə cinayətlərin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir.sadəcə olaraq istintaq tərəfindən məclisinfo platforması ilə bağlı cinayət işini gündəmdə saxlamaq,əhəmiyyətini vurğiulamaq məqsədi ilə işin həcmi süni olaraq mənə və Tamilla xanıma elan olunmuş qanunsuz və əsassız ittihamlarla şişirdilmiş, guya cinayətin mütəşəkkil dəsrə tərəfindən törədilməsi görüntüsü yaradılmışdır.Şəxsən mənə elan olunmuş ittiham üzrə hər hansı mötəbər sübut və ya öz təsdiqini tapan cinayət xarakterli fakt mövcud olmamışdır.

Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
Qeyd etməliyəm ki, aylarla davam etmiş istintaq prosesi zamanı mənə Cinayət Məcəlləsinin 192,193,213, 206,320 və digər maddələri ilə elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməyimə dair istintaq orqanı tərəfindən heç bir mötəbər dəlili,sübut əldə edilməmişdir.

CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

CM-nin 7-ci maddəsinin müddəalarından görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.

CPM-nin 12.1 və 12.3-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur.

Prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) … Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi).
Məhkəmə nəzərə almalıdır ki, CPM-nin 21.3. və 138.2-ci maddələrinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşsə də, о, bunu edə bilməmişdir, çünki həmin Məcəllənin 139.0., 139.0.2., 139.0.4. və 139.0.6-cı maddələri ilə nəzərdə tutulmuş halları, xüsusən də cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilməli olan şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsini və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyini sübuta yetirməmişdir və bu hallara dair mötəbər və bir-birini tamamlamaqla ittiham üçün kifayət edən sübutları toplaya bilməmişdir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

CPM-nin 42.2.4-cü maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayəqt qədər sübut toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.
Hörmətli Məhkəmə Kollegiyası
Məncə artıq sözlərə ehtiyac yoxdur. Bütün məhkəmə iclası boyunca mənə elan olunmuş ittihamım qurama,şər və böhtandan ibarət olması dövlət ittihamçısı və bu zalda əyləşən hamı kimi Sizə də məlumdur.Aylardır mıhkəmə iclasına gəlib maraqla gözlədim ki, görüm ittiham tərəfi mənə elan etdiyi saxta ittihamla bağlı mənə hansı sübutları göstərəcək,nəyi sübut edəcək. Əfsuslar olsun ki,dövlət ittihamçısının çıxışından mənə belə məlum oldu ki, ya ittihamçı cinayət prosessual qanunvericiliyin tələbləri ilə tanış deyil, ya da ona rəhbərliyi tərəfindən verilmiş direktivləri gözüyumulu icra edir. Yoxsa belə soyuqqanlılıqla cinayət törətməyən şəxslərə ağır cəzaların təyin edilməsini ümumiyyətlə təklif edə bilməzdi.

Hörmətli kollegiya
Hesab edirəm ki, əgər məhkəmə öz fəaliyyətində cinayət prosessual qanunvericliyin tələblərini rəhbər tutrsa mənim bəraət almağım qaçılmazdır.
Yox əgər məhkəmənin də ədalət meyarı məhz bu işdə dövlət ittihamçısının meyarları ilə üst üstə düşürsə demək ki,ədalətsiz məhkəmə qərarlarına bugün biri də əlavə olunacaq.

Ədalətli məhkəmə qərarının çıxarılmasını Sizdən həm xahiş, həm də tələb edirəm”.