Azərbaycanda gələn il parlament seçkiləri keçiriləcək – Bu tarixdə…
Azərbaycanda növbəti parlament seçkilərinin nə vaxt keçiriləcəyi hələlik məlum deyil. Sonuncu dəfə seçkilər 2020-ci ilin fevral ayında keçirilib. Növbəti seçkilərin nə vaxt baş tutacağı sual doğurur.
Modern.az bununla bağlı araşdırma aparıb.
2020-ci ildə baş tutan seçkilər növbədənkənar formada keçirilib. Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsində deyilir ki, Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlament çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Altıncı çağırış parlamentin səlahiyyət müddəti parlamentin həmin ilin mart ayının 10-da baş tutan ilk iclasında başlayıb. Beləliklə, bu çağırışın səlahiyyət müddətinin beşinci ili 2024-cü ilin mart ayında başlayacaq. Belə olan halda parlamentə növbəti seçkilər 2024-cü ilin noyabr ayında keçirilməlidir.
Ana yasaya görə, parlamentin səlahiyyət müddəti 5 ildir, ancaq 98-1-ci maddədə qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.
Bəzi KİV-lərdə parlament seçkilərinin 2025-ci ilin noyabr ayında keçiriləcəyi qeyd olunub. Ancaq belə olacağı təqdirdə parlamentin səlahiyyət müddət uzana bilər. Konstitusiyaya görə, parlamentin sılahiyyət müddəti ancaq müharibə şəraitində uzadıla bilər.
Parlament seçkilərinin dəqiq nə vaxt keçirləcəyi məsələsi gəlincə, bunun üçün təqvimə baxmaq lazımdır. 2020-ci ildə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü 2024-cü ilin noyabr ayının 3-nə düşür. Növbədənkənar seçkilər keçirilməyəcəyi təqdirdə, Azərbaycanda növbəti parlament seçkilərinin məhz bu tarixdə keçiriləcəyini deyə bilərik.
Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 110,9 milyon manatı və yaxud 0,3 %-i seçkilərin keçirilməsi və statistika tədbirləri xərclərinin payına düşəcək. Bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,4 dəfə çoxdur. Bir çoxları seçki xərclərinin 2.4% dəfə artırılmasını gələn il bir neçə seçkinin keçirilməsi kimi şərh edir. Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda həm də bələdiyyə seçkiləri keçiriləcək.
Modern.az