Müsavat Divanının gündəliyi

Noyabrın 6-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Müsavat başqanı Arif Hacılı, onun müavini Səxavət Soltanlı və MSDM-in sədri İsa Qəmbərin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq tədbirdə iştirakı barədə məlumat verilib. 

Qanunsuz olaraq həbs edilən Müsavat Yasamal rayon təşkilatının üzvü, partiya başqanının oğlu Orxan Hacılının hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Divan 8 Noybr Zəfər günündə saat 15:00-da İkinci Fəxri Xiyabanı ziyarət etmək barədə qərar qəbul edib. 

İclasda işğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması ilə bağlı prosesin ləng getməsi pislənilib. Qeyd edilib ki, son üç il ərzində 12 milyard manatdan artıq vəsait xərclənməsinə baxmayaraq, Qarabağa cəmi 3 min nəfərdən bir qədər artıq məcburi köçkünün qayıdışı təmin edilib. Hakimiyyətin “Böyük qayıdış” adlandırdığı proqramda məcburi köçkünlərə həyatyanı torpaq sahəsinin və pay torpaqlarının ayrılması nəzərdə tutulmayıb. Müsavat Partiyasının bununla bağlı müvafiq təkliflərini əks etdirən sənədin hazırlanıb ictimaiyyətə açıqlanması qərarlaşdırılıb. 

Ukraynada davam edən müharibə və regionda gedən digər proseslər barədə fikir mübadiləsi aparılıb. 

Sonda cari məsələlər müzakirə edilib.