Sosial müdafiə insan hüquqları məsələsidir
Könül Alı
Azərbaycanda fundamental hüquqa əsaslanan sosial müdafiə sistemləri strukturu qənaətbəxş olmadığından ayrı-seçkilikdən əziyyət çəkən hər kəs fərqli çatışmamazlıqlarla üzləşir. Buna görə də, hökümət bu maneələri aradan qaldırmaq üçün tədbirlərin görülməsini təmin etməli, sosial müdafiə proqramlarını tərtib edərkən, həssas qruplar və ümumi əhali arasında mövcud olan güc balanssızlığını aradan qaldırmağı prioritet saymalıdır.
Yoxsulluq rifahdan məhrum olmaqdır
-Sosial müdafiə həm iqtisadi, həm də insan hüquqları məsələsi kimi özünü göstərdiyindən, məsələyə yanaşmalar da dəyişir. Bir sıra hallarda hökümətlər qoşulduğu konvensiyaya, qəbul etdiyi qanunlara görə yox, mövcud idarəçilik sisteminə uyğunlaşdıraraq bu tədbirləri həyata keçirir. Fikir versək görərik ki, həssas qrupların sosial müdafiəsinin təmin olunması istiqamətində tədbirlərə tələbat günbəgün artır. Dövlətlər qanunlar, beynəlxalq təşkilatlar sənədlər qəbul edir. Beynəlxalq hüquqla ayaqlaşmaq məqsədi güdən dövlətlər bu sənədləri ratifikasiya edir. Sosial müdafiə qlobal siyasət diskursunda mərkəzi problemə çevrildiyindən, həssas qruplara diqqət və qayğının gücləndirilməsi məsələsi beynəlxalq inkişaf gündəliyində, müxtəlif beynəlxalq qurumlarda, eləcə də beynəlxalq insan hüquqları müstəvisində “meteor sürəti” ilə yayılır.
Qadınların səlahiyyətlərinin artırılması yoxsulluğa qarşı mübarizədə mühüm alət kimi vacib rol oynayır. Sosial həssas qruplar daxilində birinci yerdə dayanan qadınlar müxtəlif səbəblərlə rifahdan məhrum olub.
Bu istiqamətdə mövcud fəaliyyət mexanizmləri Azərbaycan Respublikasının qanunları və bir sıra beynəlxalq konvensiyaların tənzimlənməsi ilə həyata keçirilir. Bu normativ aktların arasında İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt ( İCESCR ) xüsusilə seçilir ki, Azərbaycan bu sənədə də qoşulub.
Həmin konvensiyanın mərkəzində sosial-iqtisadi diqqət dayanır və həm də əsas hüquq normalarını təşkil edir. Digər tərəfdən, konsepsiyanın açıqlığı insan hüquqları ilə iqtisadi reallıqlar arasında körpü yaratmaq potensialına görə alqışlanır və həyata keçirilməsini təşviq etmək üçün daha geniş əsaslı aktorların səfərbər oluna biləcəyi perspektivini yaradır.
Sənədə qoşulan dövlətlər əlverişsiz həyat şəraitinə malik, təcrid olunmuş şəxslər və qruplara xüsusi diqqət göstərərək, öz əraziləri daxilində bütün fərdlərin sosial təminat hüququnu tədricən təmin etməyə borcludur. Bu öhdəliyə əməl etmək yalnız sosial həssas qrupların hüquqlarının təmin olunması, rifahı ilə kifayətlənmir, ümumilikdə cəmiyyətlərin və dövlətlərin inkişaf etməsinə də təkan verir. Ekspertlərin hesablamalarına görə, konvensiyalara qoşulan hökümətlər dövlət proqramlarında nəzərdə tutulan öhdəliklərə əməl edərsə 2030-cu ilə qədər müəyyən nəticələr əldə edə bilər.
Əmək bazarında kişilər və qadınların arasındakı fərqi aradan qaldırmaq üçün sosial müdafiə sistemləri sığortalı və ödənişsiz proqramları əhatə etməli, iqtisadi cəhətdən asılı olanlara, məsələn, ödənişsiz əməyin əsas hissəsini yerinə yetirən qadınlara çatmasına xüsusi diqqət yetirməlidir. Hüquqlara əsaslanan sosial müdafiə sistemlərinə gender-həssas yanaşma sosial dinamikaya görə müavinətlərdən və imkanlardan istifadə edə bilməyən qadınların tam əhatəsini təmin etmək üçün gəlir təminatını ailəvi deyil, fərdi hüquq hesab etməlidir.
– Sosial müdafiə proqramlarından kənarlaşdırma səhv qiymətləndirməyi və qadınların genderlə bağlı risk və zəifliklərini həll etmək üçün düşünülmüş tədbirlər görməyi əlçatmaz edir. Dövlət proqramın qadınları istisna etməməsini və ya onlara mənfi təsir göstərməməsini təmin etmək üçün uyğunluq meyarlarına və istifadə olunan hədəfləmə metodlarına xüsusi diqqət yetirməlidir. İş həyatı ev təsərrüfatından ibarət olan qadının pensiya təminatı bəri başdan risk altına düşür. Ödənişli əməklə işləyən kişidən daha az pensiya alacağı qaçınılmaz olan qadın əlverişsiz vəziyyətə düşə bilər. Bu riski gözə alan hökümət gec də olsa, bu barədə düşünməlidir.
Həsas qruplara qulluq göstərən, ev təsərrüfatını idarə edən, həm də özü həssas qrupa aid olan qadın haqqı ödənməyən əməklə məşğul olur. İnsan hüquqları nöqteyi-nəzərindən sosial müdafiə proqramları qadınların qayğı göstərən rolunu və bu rolun yarada biləcəyi yükü tanımalıdır. Hökümət qadınların haqqı ödənilməyən əməyinin fərqinə varmalı, vətəndaşının rifahını düşünməli, ya sığorta ilə bağlı qanundakı qadınların haqqlarının pozulduğu boşluğu doldurmalı, ya da bu istiqamətdə fərqli proqram hazırlamalıdır. Nəzərə çarpmayan, adi hal kimi qiymətləndirilən məsələlər var ki, birbaşa qadının rifahına təsir göstərir. Qadın daha çox gəlir əldə etmək yerinə kişilərdən daha az qazanır.
2023-cü ilə aid Dövlət Proqramı sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçməsi barədə tədbirlər planını özündə etiva edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini şərtləndirildiyini nəzərdə tutduğunu bildirsə də, hökümət etiraf etməlidir ki, sosial müdafiə proqramlarının təsirləri gender baxımından neytral deyil və müvafiq olaraq qadınların yaşadıqları ayrı-seçkiliyin çoxsaylı formalarını tanıyan sosial müdafiə strategiyalarını hazırlamaq, həyata keçirmək, proqramların icra dövrü ərzində qadınların xüsusi ehtiyaclarına cavab verməsini təmin etmək lazımdır. Bu məqsədlə sosial müdafiə proqramını tərtib etməzdən əvvəl mütəxəsislər hər iki cinsin potensial benefisiarlar kimi zəifliklərini qiymətləndirən hərtərəfli və ayrı-ayrılıqda gender təhlili aparmalıdır. Sosial müdafiə proqramlarının ayrı-seçkilik və mənfi stereotipləri gücləndirmədən qadınların qayğı göstərənlər, ev təsərrüfatlarını idarə edənlər kimi roluna hörmətlə yanaşmalı və tanımasını təmin etməyi hədəfləməlidir.
Bütün sosial müdafiə proqramlarının ailədaxili dinamikanı və resursların bölüşdürülməsini nəzərə alan genderə həssas uyğunluq meyarlarına tabe olmasını təmin etməli və qadınları qeyri-mütənasib şəkildə əlverişsiz vəziyyətə salan tələblər aradan qaldırılmalıdır. Sosial müdafiə müdaxilələrinin genderlə bağlı güc münasibətlərini yumşaltmasını və həm ev təsərrüfatında, həm də cəmiyyətdə qeyri-bərabər rolları aradan qaldırmasını təmin etmək üçün bütün lazımi tədbirləri görmək zəruri tələbə çevrilməlidir. Aidiyyatı proqramları tərtib edən komissiyaların idarəetmə strukturlarında qadınlara kvotaların ayrılması və sosial müdafiə proqramlarının icrası zamanı bütün səviyyələrində gender balansının təmin edilməsi yolu ilə qadınların sosial müdafiə proqramlarının idarə edilməsində səmərəli iştirakı təmin etməlidir. Proqramın bütün mərhələlərində qadınların mənalı iştirakını artırmaq üçün iştirak və hesabatlılıq mexanizmlərinin gender səlahiyyət münasibətləri nəzərə alınmaqla işlənib hazırlanması və həyata keçirilməsi təmin olunmalıdır.
Həssas qruplara mediada həssas yanaşma
-Həssas hesab edilən qruplara aid problemlərin mediada işıqlandırılması və medianın onların statusu haqqında anlayışının araşdırılması ayrıca mövzudur.
Həssas qruplara həssas yanaşma hökümətin, cəmiyyətin borcu olduğu kimi medianın da öhdəsinə düşür. Demokratiya və ifadə azadlığı təbii hüquqların müdafiəsində əsas vasitədirsə, həssas qruplardan olanlara kömək etmək istəyən jurnalistlər həssas və ayrıseçkilik xarakterli xəbərlərin qarşısını almaq üçün əllərindən gələni etməyi normaya çevirməlidir.
Müşahidələr isə çox vaxt əksinin baş verdiyini göstərir. Jurnalistlərin həssas qruplar barədə xəbərləri “dost” olmur, hüquqları müdafiə etmək və ya problemlərin kökünü, həlli yollarını araşdırıb təqdim etmək əvəzinə həssas qrupların gücsüzlüyünü önə çıxarır, həssas yox, zəif olduğunu göstərməyə çalışır. Hətta elə qruplar var ki, onlar medianın qurbanına çevrilirlər. Onlar sırf bu səbədən həssasdırlar. Media həssaslığa həssaslığın təşviqi və təbliği əvəzinə əks mövqe sərgiləyir.
Məişət zorakılığı, cinayət qurbanları, uşaqlar, əlillər, qaçqınlar, etnik qruplar, cinsi azlıqlar da bu yanlış və qərəzli təqdimat(lar) səbəbindən lincə məruz qalır. Bu qrupların hər biri müvafiq vaxtlarda jurnalistlərdən öz hekayələrini mümkün qədər həssas şəkildə çatdırmağı umsalar da, əksi baş verir.
Jurnalisin etik kodeksi bu qrupların nə qədər həssas olduğunu nəzərə almağı, ayrı-seçkilik xarakterli xəbərlərin aradan qaldırılması barədə düşünməyi tələb edir. Redaktorlar sözlər, şəkillər, ifadələr, video görüntünün seçimi, mətnlərin xüsusi redaktəsi, yayılmış materialın yaradacağı yaxşı və ya pis təəssüratı bilməli, nəticəni heyyətinə də təbliğ etməlidir.
Bəzən problem və ya uğursuzluqlarda alət olan həssas insanların ləyaqətini alçaldan fikirlər səsləndirilir. Bir çox hallarda bu cür nifrət nitqləri ölkənin ən yüksək tribunalarından səsləndirilir. Həssas qrupların qorxu və çətinliklərini həll etmək üçün proqramlar işləyib həyata keçirmək, məntiqli qərarlar qəbul etmək əvəzinə zərərli fikirləri təbliğ etmək fundamental hüquqların pozuntusudur ki, hər kəs bu cür davranışdan doğan nəticəni və məsuliyyəti dərk etməlidir. Jurnalistlər problemi yaradan səbəbləri araşdırıb göstərmək əvəzinə yalnız cəmiyyətin həssas qruplar haqqında eşitmək istədiklərini, bildiklərini yazır, hökümətin öhdəlikləri barədə susmağı seçirsə, nə cəmiyyətin, nə də siyasi hökümətin məsələyə mövqeyi dəyişməyəcək.
Dünyada sosial müdafiənin qlobal siyasət diskursunda mərkəzi problemə çevrildiyi bir vaxtda media mövzuya uyğun olaraq özü-özünü tənzimləməlidir.
İstənilən tənzimləmə modeli ictimai maraq və vətəndaşların əsas hüquqları, maraqları və həssaslıqları arasında balans yaratmalıdır – insan faktorunun birinci yerdə olduğunu unutmaq məslənin həll olunması marağına tərs-mütənasibdir.
“Yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması“ qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir”.
Basta