Müsavat Divanının gündəliyi
Noyabrın 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə həftə ərzində görülən işlər haqqında məlumat dinlənilib.
Müsavat başqanı Arif Hacılı və MSDM-in sədri İsa Qəmbərin Polşada prezident Anjey Dudanın dəvəti ilə Varşavada keçirilən rəsmi dövlət tədbirində iştirak etməsi yüksək qiymətləndirilib. Həmin tədbirdə Polşanın prezidenti ilə yanaşı, Şərqi Avropa və postsovet ölkələrindən Azadlıq Hərəkatı liderlərinin iştirak etdiyi bildirilib.
Daha sonra qanunsuz olaraq həbs edilən Müsavat başqanının oğlu, partiyanın gənclər təşkilatının üzvü Orxan Hacılının hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumat verilib.
İclasda ölkədəki ictimai-siyasi vəziyyət, Qarabağda son durum müzakirə edilib.
Ukrayna ordusunun Rusiya işğalçılarına qarşı müqaviməti və İsrail-HƏMAS münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.