Neftin bahalaşması Azərbaycana necə təsir edəcək?
Hazırda dünya bazarında Azərbaycan neftinin qiymətində cüzi artım müşahidə edilsə də, xarici media Yaxın Şərqdəki münaqişələrə rəğmən, son həftələrdə neftin qiymətinin artım tempində ciddi dəyişiklik müşahidə edilmədiyini yazır.
Dünya Bankının bu yaxınlarda verdiyi proqnozlara görə isə, Yaxın Şərqdə münaqişənin kəskinləşəcəyi təqdirdə neftin qiyməti bir barel üçün 150 dolları keçə bilər.
Dünya Bankı hesablayıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində qiymətlərin qalxmasından cəmi bir il sonra regionda davam edən müharibələr enerji və ərzaq qiymətlərində yenidən artımlara səbəb ola bilər.
Hazırda dünya bazarında neftin qiyməti bir barel üçün sabit olaraq, 90 ABŞ dolları civarındadır və onun qiymətinin düşəcəyi proqnozlaşdırılır.
Bununla belə, Dünya Bankı xəbərdarlıq edir ki, bu proqnoz tez bir zamanda dəyişə bilər.
Dünya Bankının verdiyi “ən pis ssenariyə” əsasən, münaqişələrin alovlanacağı təqdirdə 1970-ci illərin neft böhranı ilə müqayisə oluna bilən vəziyyət yarana bilər ki, bu da neftin qiymətini bir barel üçün 140-157 dollar arasında qaldıra bilər.
Dünya bazarında Azərbaycan neftinin qiyməti ölkənin dövlət büdcəsinin xərclərinə də təsir edir. Azərbaycanın büdcə gəlirlərinin əhəmiyyətli hissəsi neft satışından əldə edildiyi üçün Azərbaycan hökuməti hər il büdcə layihəsini hazırlayarkən bir barel neftin qiymətini dünya bazarındakı gözlənən qiymətdən daha az proqnozlaşdırır. Bu il dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Dünya Bankının baş iqtisadçısı Indermit Gill deyib: “Yaxın Şərqdəki son münaqişə 1970-ci illərdən bəri əmtəə bazarları üçün ən böyük şokun – Rusiyanın Ukrayna ilə müharibəsindən sonra gəlir”.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin beynəlxalq iqtisadiyyata bu gün də davam edən dağıdıcı təsiri olub.
Indermit Gill əlavə edib ki, həm neft, həm də qaz tədarüklərinə təsir edən “ikili enerji şoku” ssenarisi onilliklər ərzində baş vermədiyi üçün siyasətçilərdən sayıqlıq tələb olunur.
İnvestorlar Qəzza zolağı yaxınlığında boru kəmərinin kəsilməsinin qlobal tədarüklərə zərbə vuracağından qorxduqları üçün Avropada qaz qiymətləri bu ay yüksəlib.
Bununla belə, neft bazarları indiyədək münaqişənin təsirindən kənarda qala bilib.
Bu günlərdə Azərbaycan Milli Məclisində 2024-cü ilin büdcəsi layihəsi müzakirə olunur və neftin qiymətləri büdcə layihəsində xərclərin proqnozlaşdırılmasına da təsir edir.
Bəs, iqtisadiyyatının əsas qaynağı və illik büdcə gəlirlərinin yarıdan çoxu neft və qaz ixracatından olan Azərbaycan üçün bu, nə deməkdir, neftin qiymətinin Dünya Bankının “yaxşı və pis” proqnozu Azərbaycanda dövlətin gəlirlərinə və əhaliyə necə təsir edəcək?
“Pis ssenari” Azərbaycan üçün “yaxşıdır”
İqtisadi məsələlər üzrə təhlilçi Firuzə Nəhmədova BBC News Azərbaycancaya deyib ki, Dünya Bankının “pis proqnozu” əslində Azərbaycan üçün yaxşı ehtimaldır.
Onun sözlərinə görə, neft qiymətləri yüksək olduğu halda, Azərbaycan höküməti daha çox vəsait əldə edir və o pulların böyük hissəsi investisiya layihələrinə, işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilir.
Azərbaycan büdcəsindən son üç ildə işğaldan azad olunmuş ərazilərin bərpasına 7 milyard ABŞ dolları (12 milyard manata yaxın ) sərf edilib, Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündəki çıxışında Prezident Əliyev onu da bildirib ki, gələn il işğaldan azad edilmiş ərazilərin bərpasına azı 2,4 milyard ABŞ dolları (4 milyard manatdan çox) vəsait ayrılacağı nəzərdə tutulur.
Yaxın Şərqdə böhran kəskinləşməsə, hazırkı proqnozlara görə, neft bazarında topdansatış qiymətlər bir barel üçün 81 dollara düşəcək. Dünya Bankına görə bu, “yaxşı” ssenaridir.
Firuzə Nəhmədova da Azərbaycan iqtisadiyyatının böhranlı, devalvasiya yaşandığı illərə nisbətən hazırda daha dayanıqlı olduğu qənaətindədir.
“Azərbaycan iqtisadiyyatı neft-qaz olan təbii xammal satışına əsaslanıb, şaxələndirilməyib. Bu sənaye də qiymət baxımından sabit sahə deyil. Mən düşünürəm ki, dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin artıb-azalmasından asılı olmayaraq, qiymətin kəskin dəyişməsinin Azərbaycan üçün pis dövr sayılan 2014-2016-cı illərdəki kimi böyük mənfi təsiri olmayacaq”, – Firuzə Nəhmədova deyib.
Onun sözlərinə görə, Dünya Bankının “yaxşı” ssenarisi də Azərbaycan üçün pis deyil, çünki hökümət son illərdə büdcədə neftin qiyməti ilə bağlı ehtiyatlı rəqəm istifadə edir.
Cari ilin dövlət büdcəsində neftin dünya bazarında bir barelinin qiyməti 60 ABŞ dolları götürülüb, bu rəqəm gələn ilin də büdcə layihəsində dəyişməz qalıb. Ancaq 2023-cü ilin ötən on ayı ərzində Azərbaycan neftinin dünya bazarında orta qiyməti 74 dollardan yuxarı olub.
Büdcənin inflyasiya hesabına böyüməsi azalır
Lakin Dünya Bankı onu da vurğulayıb ki, qlobal iqtisadiyyat keçən il müşahidə olunan enerji qiymətlərindəki sıçrayışlardan sonra hələ də sağalma dövründədir.
Yüksək enerji qiymətləri, Rusiyanın Ukraynanı işğalından sonra baş verdiyi kimi yüksək inflyasiyaya gətirib çıxara bilər ki, bu da digər malların qiymətinə təsir göstərə bilər, – BBC News saytındakı məqalədə deyilir.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, ötən ilin aprelində BMT-nin Ərzaq Qiymətləri İndeksi taxıl, bitki yağı, süd məhsulları, ət və şəkərin orta qiymətlərini açıqlayıb.
Bu indeksə görə, hesablamaların aparıldığı son 60 il ərzində ərzaq qiymətləri ən yüksək həddə çatıb.
İndeksin göstəricilərinə görə, bitki yağlarının qiyməti 23 faiz, dənli bitkilərin qiyməti isə 17 faiz bahalaşıb. Şəkər 7 faiz, ət 5 faiz, müharibədən daha az təsirlənən süd məhsulları isə cəmi 3 faiz artıb.
İqtisadçı Rövşən Ağayev Toplum TV-də çıxışında deyib ki, Azərbaycanda yarısı neft-qaz ixracı gəlirlərindən formalaşan büdcəninin nominal artım tempində “2024-cü ilin büdcə layihəsinə nəzər salanda kiçilmə müşahidə olunur”.
Onun fikrincə, büdcə gəlirlərinin azalmasının ən köklü səbəblərdən biri inflyasiya idi, son illər büdcədə inflyasiyadan qaynaqlanan böyümə olub.
Rəsmi məlumata görə, son üç ildə Azərbaycanda inflyasiya iki rəqəmli həddədir. 2023-cü ilin yanvar-sentyabr aylarında 10,9 faiz orta illik inflyasiya qeydə alınıb.
Hesablama Palatasının gələn ilin büdcə layihəsinə verdiyi rəydə göstərilir ki, növbəti il üçün “orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır”.
Dünya Bankının baş iqtisadçısının müavini Ayhan Köse “Neftin qiymətinin yüksəlməsi davamlı olarsa, bu, istər-istəməz ərzaq qiymətlərinin artması deməkdir” deyib.
O əlavə edb ki, neft qiymətində “ciddi şok baş verərsə, bu, bir çox inkişaf etməkdə olan ölkələrdə artıq yüksəlmiş ərzaq qiymətləri inflyasiyasını artıracaq. 2022-ci ilin sonunda 700 milyondan çox insan – dünya əhalisinin təxminən onda biri – az qidalanırdı”.
Qurum narahatdır ki, bu son münaqişənin gərginləşməsi təkcə regionda deyil, həm də bütün dünyada ərzaq təhlükəsizliyi barədə riskləri gücləndirəcək.
Bank tərəfindən təsvir edilən daha yaxşı ssenaridə qlobal neft tədarükünün gündə 500 min-2 milyon barel təşkil edəcəyi, kiçik bir azalma proqnozlaşdırılır.
Belə olan halda, neftin qiyməti bir barel üçün 93-102 ABŞ dolları arasında dəyişəcək.
Firuzə Nəhmədova hesab edir ki, neftin qiyməti aşağı düşərsə, onun Azərbaycanın gəlirlərinə ciddi təsiri pis olacaq, amma onun fikrincə, hazırda vəziyyət təhlükəli olmaqdan uzaqdır.
Təhlilçi deyir ki, Azərbaycanın ixrac statistikasına görə, hökumət tədricən neft sənayesindən asılılığını azaltmağa çalışır, qaz ixracına yönəlir, başqa mineralların istehsalına çalışır və neft əsaslı məhsulların istehsalına yönəlir.
Neft satışından gəlir azalır
“Azərbaycanda insanlar arasında belə bir fikir formalaşıb ki, neft gəlirləri xalqa çatmır, amma büdcədən maaş, pensiya alanların aldıqları hər iki ödəmədən biri neftin-qazın pulundan gəlir”, – iqtisadi təhlilçi Fərid Mehralızadə BBC News Azərbaycancaya müsahibəsində bildirib.
Azərbaycanın əsas maliyə mənbəyi neft-qaz satışından Dövlət Neft Fonduna (ARDNF) yığılan vəsaitlərdir ki, sonradan da onun bir hissəsi hər il dövlət büdcəsinə köçürülür.
“Turan”ın məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fonduna Azəri-Çıraq-Günəşli blokundan (AÇG) çıxarılan neftin satışından daxilolmalar 5 milyard 865,8 milyon dollar təşkil edib. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə AÇG layihəsindən Neft Fondunun gəlirləri 29,5 faiz və ya 2 milyard 460,2 milyon dollar azalıb.
Azərbaycan Neft Fondunun AÇG layihəsindən gəlirlərinin azalması iki amildən irəli gəlir: neftin qiymətinin 15 faiz azalması, həmçinin müqavilə sahəsində hasilatın təxminən 14 milyon barel azalması.
Azərbaycanın dünya bazarına çıxardığı “Azeri Light” markalı neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.
BBC Azərbaycanca