Qələbədən sonrakı Qarabağ nisgili
Mustafa Hacıbəyli
Səhv etmirəmsə Cəbrayılın işğaldan azad olunduğu gün idi. Binamızın gəncləri maşında musiqi qoyub bir şənlik təşkil etmişdilər. Onlar milli mahnıların sədaları altında rəqs edir, bir çoxları da öz balkonlarından onlara tamaşa edirdi.
20 dəqiqə keçmədi ki, PPX maşınları ilə bir dəstə polis gəldi. Pandemiya dövrü idi, üstəlik də camaatın belə kortəbii coşqusu, yəgin kimlərisə narahat etmişdi. Əvvəlcə musiqini dayandırdılar, gəncləri evə yola saldılar. Bəzi gənclər oradan aralaşsa da pilləkənlərə qalxıb şuarlar səsləndirmişdi və polislə onlar arasında bir xeyli vaxt qaçma-tutma da olmuşdu…
Seymur Baycan, Səxavət Soltanlı və başqa dostlarımız, indi, Xankəndi azad olunandan sonra xalqın buna sevinmək istəməməsinin səbəblərindən yazıblar. Kasıbçılığı, müharibədən sonra qazilərə olan münasibəti, sevinmək azadlığının olmamasını, korrupsiya və digər səbəbləri göstəriblər.
44 günlük müharibə dövründə də bu problemlərin hamısı mövcud idi. Amma xalq bayram edirdi. Şuşanın azad edildiyi gün həmin o kasıb, azadlığı olmayan insanlar gecəyarısınadək küçələrdə idi.
Xankəndi separatçıların sonuncu bastionu idi və oranın azad olunması daha böyük sevincə səbəb olmalıydı.
İnsanlar bu qələbənin qürurunu yaşayırlar, amma o coşqu yoxdur artıq. Çünki insanların ürəyində bir nisgil, bir məmnuniyyətsizlik hissi var. Bu da ondan ibarətdir ki, erməni işğalından azad olunan torpaqlar hələ xalqa məxsus deyil.
44 günlük müharibədə hamı düşünürdü ki, müharibə başa çatan kimi, hər kəs sərbəst gedib o torpaqları görə biləcək. Məsələn İsmayıllıya, Qubaya getdiyi kimi. Kimlərsə öz evinə, öz yurduna qayıdacaq, təsərüfat quracaq, yaxud heç olmasa satıb borcunu ödəyəcək. Amma belə olmadı.
Sadəcə ziyarət etmək üçün portala düşməlisən. Qalmaq üçün isə ya 200 qoyunun, ya arı pətəklərin, nəsə bir iş qurmaq istəsən daydayın olmalıdır.
“Ata yurduna sahib çıxım” söhbəti də yoxdur ortada, çünki bu yurdların mütləq əksəriyyəti artıq 5 şirkətə 100 illik icarəyə verilib. Onlar həm torpaqlara sahib çıxır, həm də büdcədən aldıqları pullar hesabına öz qoyun-keçilərinə canlı musiqi dinlədirlər.
Üç ildən artıq vaxt keçməsinə baxmayaraq, 800 min məcburi köçkündən cəmi 3 mini qayıda bilib, 10 milyon əhalidən cəmi 27 min nəfər oraları ziyarət edə bilib. Nisbət nədirsə, xalqın sevinci də təxminən bu nisbətdə azalıb.
8 noyabrda bayram günü şəhidlərimizi ziyarət etdikdən sonra dostlardan biri dedi ki, gün o gün olsun bayramı Şuşada, Xankəndidə qeyd edə bilək. Otuz ilin arzusu hələ bu gün də arzu olaraq qalır…