Erməni məhbus Xocalı qırğınının dəhşətli təffərrüatlarını açıqladı – Video
Noyabrın 20-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Qarabağ sakini Raşid Beqlaryana qarşı 1992-ci ilin fevralında Xocalı şəhər sakinlərinin kütləvi qətlində iştirak etmək ittihamı irəli sürüldüyünü bildirib. Beqlaryan 2023-cü il avqustun əvvəllərində “Laçın” nəzarət-buraxılış məntəqəsi yaxınlığında Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb və sərhədi qanunsuz keçmək cəhdində ittiham olunub. Ermənistan tərəfin versiyasına görə, Beqlaryan sərxoş olub və yolu itirdiyi üçün oraya gedib.
61 yaşlı Beqlaryanın Əsgəran rayonunun Xndrıstan kəndində yaşadığı bildirilirdi. O, oradan Kiçik Qaladərəsi (Xin Şen) kəndinə, daha sonra isə Zabux kəndi tərəfə gedib və orada saxlanılıb.
Dindirmə zamanı Beqlaryan 90-cı illərin əvvəllərində qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi hərbi cinayətlərdə, xüsusən Xankəndi şəhərində 3 saylı uşaq xəstəxanasında saxlanılan azərbaycanlı əsirlərə işgəncə verilməsində, habelə digər ağır cinayətlərdə iştirak etdiyini bildirib. Ona qarşı Azərbaycan CM-in 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham irəli sürülüb.
Əsirlikdə olan və işgəncələrə məruz qalan azərbaycanlılar müəyyən edilib və bu cinayət işi üzrə zərərçəkmiş kimi qəbul edilib.
Raşid Beqlaryan 25 fevral 1992-ci il hərbi əməliyyatı zamanı erməni birləşmələrin Xocalının dinc əhalisinə qarşı qırğın törətməsindən danışıb, xüsusən, Əsgəran rayon mərkəzi yaxınlığında onların kütləvi olaraq güllələndiyi və dəfn edildiyi yerləri göstərib.
Bu faktlarla bağlı təhqiqat davam edir, deyə DTX-nin məlumatında bildirilir.
Qeyd edək ki, bu, Xocalı faciəsində iştirak etməkdə ittiham olunan ikinci Qarabağ sakinidir. Daha əvvəl 67 yaşlı Madat Babayana qarşı bənzər ittihamlar irəli sürülüb. 0