Müsavat başqanı Vyanaya dəvət olundu
Noyabrın 18-də Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib. Əvvəlcə həftə ərzində görülən işlər barədə məlumat dinlənilib.
Arif Hacılı Avropa Parlamenti üzvlərinin təşəbbüsü ilə Varşava və Brüsseldə keçirilən tədbir və görüşlər barədə ətraflı məlumat verib.
Arif Hacılı partiyanın sabiq başqanı İsa Qəmbərlə birlikdə Brüssel şəhərində Şərqi Avropa və postsovet məkanında xalq hərəkatı liderləri olmuş siyasət və dövlət xadimləri ilə birlikdə Avropa Parlamentində postsovet və Şərqi Avropa ölkələrinin təhlükəsizliyi və inkişafı mövzusunda keçirilən toplantıda iştirak və çıxış ediblər. Müsavat təmsilçilərinin irəli sürdüyü təkliflər, Ermənistan nümayəndələrinin iştirak etdiyi toplantıda qəbul edilən sənədə daxil edilib. Avropa Parlamentinin binasında keçirilən toplantıda bütün postsosialist məkanının indi həyatda olmayan siyasi dissidentləri ilə yanaşı, Azərbaycan Xalq Hərakatı liderləri Əbülfəz Elçibəy və Tofiq Qasımovun da portretləri nümayiş etdirilib.
Səfər zamanı Müsavat Partiyası üzvlərinin Avropada yaratdığı AKM və “Prometey” təşkilatlarının rəhbər şəxsləri ilə də görüş keçirilib.
Arif Hacılı bildirib ki, o, gələn həftə Avstriyada Avropanın ən mötəbər qurumları nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirə dəvət olunub.
Qanunsuz olaraq həbs edilən Müsavat Partiyası Yasamal rayon təşkilatının üzvü, başqan Arif Hacılının oğlu Orxan Hacılının hüquqlarının müdafiəsi ilə bağlı təkliflər irəli sürülüb.
İclasda Yaxın Şərq və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.