Müsavat başqanının Vyanaya rəsmi səfəri ilə bağlı diqqətçəkən məlumatlar açıqlandı
Noyabrın 22-də Müsavat Partiyasının başqanı Arif Hacılı Avstriyanın paytaxtı Vyana şəhərindən Bakıya dönüb. Bu səfər Avstriya Xarici İşlər Nazirliyinin dəvəti ilə həyata keçirilib.
Bunu Müsavat başqanının müavini Razim Əmiraslanlı özünün feysbul səhifəsində yazıb.
O qeyd edib ki, Vayanada keçirilən tədbirdə əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ ətrafında yaranmış son vəziyyət, gözlənilən sülh danışıqları və digər məsələlər olub: “Tədbirdə Azərbaycan müxalifətinin nümayəndəsi kimi Arif Hacılı ilə yanaşı, hakimiyyətin təmsilçisi, Ermənistan hakimiyyəti və müxalifətinin nümayəndələri eyni zamanda BMT, Avropa Birliyi, ATƏT, NATO, Avstriya Xarici İşlər və Müdafiə Nazirliyinin nümayəndələri də iştirak ediblər. Müsavat Partiyasının başqanı hər zaman olduğu kimi möhtəbər beynəlxalq tədbirdə Azərbaycanın haqlı mövqeyini müdafiə etmiş, dövlətimizin və xalqımızın maraqlarından çıxış etmişdir”.
Müsavat başqanının müavini Səxavət Soltanlı isə qeyd edib ki, son iki ay ərzində Müsavat başqanı Arif Hacılı və MSDM-in rəhbəri İsa Qəmbər Qafqazın, Şərqi Avropanın, qoca Avropanın qəbul edilmiş siyasi mərkəzlərində (Tbilisi, Varşava, Brussel, Vyana) 10-a yaxın əhəmiyyətli beynəlxalq tədbirlərə qatılıb, mühüm məsələlərin müzakirələrində iştirak ediblər: “Xalqımızın, dövlətimizin, Müsavatın maraqlarına uyğun təklif və ideaları diqqətlərə çatdırmaqla bərabər rəsmi sənədlərə də qeyd elətdiriblər. O dərəcədə ki, Ermənistandan olan iştirakçılar bəzi hallarda yekun nəticələrdən narazı qalıb, yekun sənədlərə imza atmaqdan imtina ediblər”.
Səxavət Soltanlı əlavə edib ki, bu görüşlərdə Müsavatın yeni əlaqələri yaranıb.
“Müsavat hazırda beynəlxalq müstəvidə Azərbaycanın, xalqımızın, demokratik düşərgənin maraqlarını təmsil edən, buna imkanları yetən birinci siyasi partiyadır. Bizim Azərbaycanın maraqlarını daha yaxşı təmsil etmək, qarşı tərəflərin arqumentlərini daha da zəiflətmək üçün Azərbaycanda demokratik islahatlara başlamaq, siyasi xarakterli həbslərə son qoymaq, azad mətbuata toxunmamaq lazımdır. Biz hakimiyyətə hər dəfə etdiyimiz çağırışları təkrar edirik, siyasi məhbusları azad edin, azad mətbuata toxunmayın, ifadə azadlığını əngəlləməyin, demokratik seçki mühitini, sərbəst toplaşma azadlığını təmin edin. Bunları yalnız Müsavat Partiyası deyil, Azərbaycanın maraqları da tələb edir” – deyə Səxavət Soltanlı vurğulayıb.
Qeyd edək ki, Tbilisidə keçirilən beynəlxalq tədbirdə Səxavət Soltanlı da iştirak edib.
Basta