İsrail və Həmas arasında müvəqqəti atəşkəs başlayıb
Cümə günü İsrail və Həmas arasında çoxdan gözlənilən dörd günlük atəşkəsin birinci günü başlayıb, girovların qarşılıqlı dəyişdirilməsi gözlənilir, BBC News yazır.
Hər iki tərəfin bu atəşkəsin müvəqqəti olduğunu açıqladığı bildirilir.
Atəşkəs anlaşmasına görə, tibbi ləvazimat, yanacaq və ərzaq daşıyan yük maşınlarının artıq Misirdən Refah keçidi vasitəsilə Qəzzaya daxil olub.
Bundan başqa, Qahirənin hər gün 130 min litr dizelin çatdırılacağını açıqladığı bildirilir.
“Qətərin vasitəçiliyi ilə baş tutmuş razılaşmaya əsasən, 13 israilli girov bu gün, 50 nəfər isə dörd gün ərzində mərhələli şəkildə azad edilməlidir. Müqavilə çərçivəsində İsrail 150 fələstinli məhbusu azad edəcək”.
Eləcə də azad edilmiş hər 10 əlavə girov götürülmüş şəxsin qaytarılmasına görə, atəşkəs bir gün uzadıla bilər.
BBC-nin İsrailin cənubundan xəbər verən jurnalisti Anna Foster bir qədər əvvəl yazıb ki, İsrail hərbçiləri atəşkəs başlayanadək əməliyyatları davam etdirib.
Böyük Britaniyanın xarici işlər naziri David Cameron bu gün Fələstin liderləri ilə görüşüb və bildirib ki, Britaniya Qəzzaya dəstək almaq üçün bütün yolları araşdırır.
HƏMAS-ın oktyabrın 7-də başlatdığı hücumlar nəticəsində 1200 nəfər həlak olub, 240-a yaxın şəxs girov götürülüb.
Qəzzada Həmasın idarə etdiyi bölgənin səhiyyə nazirliyi İsrailin cavab atəşləri nəticəsində 14 mindən çox şəxsin öldürüldüyünü açıqlayıb.
BBC müxbiri Anna Foster atəşkəsi önəmli addım hesab edir və yazır ki, bu atəşkəsin “ən önəmli tərəfi” girovların azad edilməsidir.
“Gün ərzində, əgər hər şey plana uyğun gedərsə, günortadan sonra girovların ilk – qadınlar və uşaqlardan ibarət olan 13 nəfərlik qrupu azad edilib, Qəzzadan İsrailə gətiriləcək.
Bundan sonra orada iki saat fasilə olacaq, İsrail həmin müddət ərzində həbsxanada saxladığı fələstinliləri azad etməlidir”, – Foster prosesin necə aparılacağını izah edir.
Əlbəttə ki, bu günün əsas məsələsi girovlardır – uşaqlar, qadınlar, kişilər, bir sıra hallarda hamılıqla əsir alınmış ailələrdir, hansı ki, oktyabrın 7-də İsrailin cənubundan Həmasın hücumları nəticəsində ələ keçirilərək aparılıblar.
BBC