Nərgiz Absalamovanın barəsində 3 ay həbs qətimkan tədbiri seçildi
Dekabrın 1-də Bakının Xətai Rayon Məhkəməsi “AbzasMedia” onlayn nəşrinin jurnalisti Nərgiz Absalamovanı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törədilməsi ittihamı ilə 3 ay müddətinə həbs edib.
Absalamova özünü günahkar bilməyərək jurnalist fəaliyyətinə görə mühakimə olunduğunu deyib.
Beləliklə, istintaq Absalamovanı “Abzas Media”nın digər üç əməkdaşı, daha öncə həbs edilmiş Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovla əlbir olmaqda ittiham edib.
Məhkəmə binasına toplaşan Absalamovanın həmkarları polis tərəfindən zorakılığa məruz qalıblar.
Noyabrın 30-da Absalamova saxlanıldıqdan sonra “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Avropa Şurasının Media Freedom platformasını Azərbaycanda jurnalistlərə qarşı repressiyaların artmasını dayandırmaq və onların azadlığa çıxması üçün tədbirlər görməyə çağırıb.