Tramp Putinə işğalı davam etdirmək üçün daha 50 gün vaxt verdi
Rusiyanın rəhbəri Vladimir Putin iyulun 3-də ABŞ prezidenti Donald Tramp ilə telefon danışığında deyib ki, Rusiya ordusu 60 gün ərzində Ukraynada qüvvə topladığı regionların inzibati sərhədlərinə çıxacaq. Bu haqda Axios məlumat yaymışdı. Bildirilirdi ki, Tramp öz növbəsində Putinin 60 günlük planları barədə Fransa prezidenti Emanuel Makronu xəbərdar edib. Rusiya ordusunun qüvvə topladığı regionlar deyildikdə, Donetsk, Luqansk, Xerson və Zaporojyedən başqa, həm də Sumı və Xarkov vilayətləri nəzərdə tutulur. Putin yayın sonuna qədər cəbhə xəttində böyük sıçrayışa nail olmaqla, yeddi vilayətin işğalını başa çatdırmağı və sülh danışıqlarında rəsmi Kiyevi diz çökdürməyi hədəfləyib.
Putinlə həmin telefon danışığından 11 gün sonra Tramp Rusiyaya “sülh sazişi bağlamaq üçün” 50 gün vaxt verdi. Yəni Tramp ötən gecə sözdə Putindən narazı olduğunu söyləsə də, əslində Rusiyaya işğalçı müharibəni davam etdirməsi üçün onun istədiyi qədər, hələ bir gün də artıq vaxt verdi. Bu, bir Amerika prezidentinin Rusiyaya edə biləcəyi maksimal güzəştdir. Bundan artığını etsə, Trampın onsuz da enən nüfuzu yerlə bir olardı.
Mustafa Hacıbəyli