Tofiq Yaqublunun Müdafiə Komitəsi toplandı. Müsavatın qərargahında onun azadlığa buraxılması tələbi ilə aclıq aksiyası başladı
Bu gün Müsavat Partiyasının qərargahında partiyanın üzvü, Qarabağ döyüşçüsü, tanınmış siyasətçi Tofiq Yaqublunun hələ bu ilin mart ayında, onun şərlənərək həbs olunduğu zaman yaradılmış Müdafiə Komitəsinin toplantısı oldu. Toplantıda çıxış edən Müsavat partiyasının başqanı Arif Hacılı bildirdi ki, Tofiq bəyin haqsız həbsi nəinki ölkə, həm də beynəlxalq ictimaiyyətin diqqətindədir. Başqan qeyd etdi ki, artıq bir sıra beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirərək Tofiq Yaqublunun azadlığa buraxılması ilə əlaqədar bəyanat veriblər. Amerika Dövlət Departamenti bir həftə ərzində iki dəfə bəyanat verərək Tofiq Yaqublunun azad edilməsini tələb etdi. Azərbaycanda olan diplomatik korpusun nümayəndələri narahatlıqlarını ifadə ediblər.
Vəkil Nemət Kərimlinin məlumatına görə Tofiq Yaqublunun səhhəti olduqca pisləşib, aclıq edən dövrdə 8 kq arıqlayıb, halsız vəziyyətdədir, çətinliklə yeriyir. Vəkil qeyd etdi ki, bu həbslə bağlı yaxın günlərdə avropa məhkəməsinə müraciət göndəriləcək.
Tofiq Yaqublunun haqsız həbsinə etiraz oaraq Müsavat partiyası qərargahında Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev, AXCP üzvləri Tofiq Məmmədov, Ayət Ismayılmov, Elnur Həsənov aclıq aksiyasına başlayıblar.
Qeyd edək ki, Tofiq Yaqublu qondarma ittihamlarla 4 il 3 ay həbs cəzasına məhkum edilib. Tofiq Yaqublu həbsxanada artıq 6 gündür ki, “ölüm aclığı” keçirir.
Heybət Əmrah,
Basta2.com