Gülə-gülə, Səbuhi

Naxçıvanda Mübariz Pənahov (Laba) Vasif Talıbova qarşı iki günlük qiyam qaldırarkən Azərbaycanın əksər redaksiyaları ora öz jurnalistlərini göndərmişdilər. Səbuhi Məmmədli də göndərilmişdi, amma getməmişdi. “Komandirovka” puluna gəşəng yeyib-içmişdi.

Ertəsi gün qəzetlərdə Laba olayı barədə çıxan çoxsaylı reportajların içində ən yaxşısı Səbuhinin reportajı olmuşdu. Sonradan üstü açılmışdı ki, Səbuhi Naxçıvana heç getməyib. O, bunu qətiyyən özünə dərd eləmədən gülə-gülə demişdi: “Sizə yaxşı reportaj lazım deyildi?!”… Hər məsələdə bu qədər istedadlı idi.

Mənim ilk məqaləm 1994-cü ildə “Muxalifət” qəzetində çıxıb. Üstündən hardasa 10 il keçəndən sonra bir gün bir süfrə arxasında Səbuhi gülə-gülə dedi ki, o yazının honorarını redaksiyadan alıb və mənə verməyib. Halbuki, o yazıya ümumiyyətlə honorar yazıldığından xəbərim yox idi. Başqa da belə hallar olub, gülə-gülə yola verib. Halal xoşu olsun.

Səbuhi ölkədə ən istedadlı jurnalistlərdən biri olduğunu hələ 1993-cü ildə “525”-in “Hayd park” rubrikası ilə sübuta yetirib. Sonrakı dövrdə ölkədə işləmədiyi qəzet qalmayıb. Arada bir müddət oldu ki, Nəşriyyatda tək canına 4-5 qəzet (!) buraxırdı…

Doğma dilimizdə oxuduğum ən maraqlı reportajı Səbuhi Məmmədli yazıb.
Doğma dilimizdə oxuduğum ən təsirli rekviyemi də Səbuhi Məmmədli yazıb. Bu qeydlər də ona rekviyem əvəzi olsun.

Gülə-gülə, Səbuhi.

Cavan gedən jurnalistlərin sırası bu gün bir az da genişləndi:
İbrahim Bayandurlu , Elçin Səlcuq, Zabil Muqabiloqlu , Qadir İbrahimli , Səbuhi Məmmədli. Biri də namizəddi… 
.
Sayğı və ehtiramla anacayıq… 
.
Mustafa Hacıbəyıi