Ərdoğan: “Qarabağda atəşkəsə dair çağırışlar qəbuledilməzdir”

Türkiyə xalqı və parlamenti bütün dövrlərdə Kiprdən tutmuş Azərbaycana, Balkanlardan tutmuş Afrikaya qədər dost xalqların ədalətli mübarizəsini dəstəkləyib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı ölkə parlamentinin payız sessiyasının açılışında çıxış edərkən deyib.

Türkiyə lideri qeyd edib ki, Ankara bu gün də işğal altındakı torpaqların azad edilməsi uğrunda ədalətli mübarizədə Azərbaycanı dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycanın dinc kəndlərinin ermənilər tərəfindən atəşə tutulmasından başlayan döyüşlər Qafqaz regionunun nə qədər təhlükəli olduğunu bir daha təsdiqlədi.

“Qafqazda uzunmüddətli sülhün şərti Azərbaycanın işğal olunmuş torpaqlarının hər qarışının azad edilməsidir. Türkiyə Azərbaycanı “bir millət və iki dövlət” prinsipi prizmasından qəbul edir. Biz azərbaycanlı qardaşlarımıza əlimizdən gələn dəstəyi göstərməyi  davam etdirəcəyik”, – o deyib.

Ərdoğan Ermənistan hakimiyyətini Türkiyəyə qarşı yalan və dezinformasiya axınından əl çəkməyə çağırıb. “İşğalçılar Azərbaycan torpaqlarından çıxmalıdırlar. Nizamlanma vaxtı çatıb”, – dövlət başçısı bildirib.

Türkiyə prezidenti daha sonra vurğulayıb ki, Dağlıq Qarabağın işğalına məhəl qoymayan ölkələr ikiüzlüdür. O, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyini tənqid edib.

“Həmsədrlərin atəşkəsə dair davam edən çağırışları qəbuledilməzdir. Problemin həlli Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından sonra gələcək.

Bizim Azərbaycandakı qardaşlarımız bu gün öz problemlərini özləri həll etməyə məcburdurlar. İşğal faktına məhəl qoymayan ölkələrin çağırışları bizim üçün əhəmiyyətli deyil”, – Ərdoğan vurğulayıb. 

Turan