Aİ missiyasının rəhbəri Azərbaycanda jurnalistlərə rəftardan şoka düşüb

Avropa İttifaqının (Aİ) Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko (Peter Michalko) bu ölkədə jurnalistlərə qarşı mövcud münasibətdən narahatlığını ifadə edib.

“Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftara dair xəbərlər məni şoka saldı. Bu xüsusilə məhkəmə zallarında qandallanan, şüşə qəfəslərə salınan və ya əsas insan ehtiyaclarından məhrum olan gənc qadınlara aiddir. Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”, – o, X platformasındakı hesabında yazıb.

Bu açıqlamaya, hələlik, Azərbaycan rəsmilərinin münasibətini öyrənmək mümkün olmayıb.

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlara əsasən qaçaqmalçılıq ittihamı verilib. Həbs edilən jurnalistlərin heç biri ittihamları qəbul etmir və bunu peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hərçənd, rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı təqib və həbs olunmaları ilə əlaqəli deyilənləri qəbul etmirlər.

Onlardan vəkilinin deməsinə görə, yanvarın 15-də Xətai rayon məhkəməsində həbs edilən “Abzas Media” saytının əməkdaşı, jurnalist Elnarə Qasımova prosesə dəmir qandalda gətirilib. Yalnız müdafiə terfinin vəsatətindən sonra onun qollarından qandal açıldığı bildirilirdi.

Ondan əvvəl isə eyni qaçaqmalçılıq ittihamı ilə həbs edilən “Abzas Media” saytının baş redaktoru Sevinc Vaqifqizinin da proses zamanı şüşə qəfəsdə saxlanması ilə bağlı müdafi tərəfinin vəsatəti olsa da onunla bağlı bu halın dəyişmədiyi vurğulanmışdı.

AzadlıqRadiosu