Bakıda metronun fəaliyyəti bərpa olunur
Azərbaycanda karantin rejiminin qaydalarına dair yeni qərara əsasən, 14 sentyabr saat 06:00-dan etibarən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir.
.
Bununla yanaşı sentyabrın 30-dək xüsusi karantin rejimi tətbiq edilən yerlərdə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır: Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış, ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları və “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu.
Qərara əsasən dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinə icazə verilmir.
.
Qadağa həmçinin müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinə də şamil edilir. Bununla yanaşı küçə, bulvar, park kimi yerlərdə (yaxın qohumlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşmək olmaz.
Yeni qaydalara görə, muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zalları bağlı qalmalıdır.
Əlavə olaraq, sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunmur, rəsmi məlumatda deyilir.
Bundan əvvəl Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.
BBC