Müsavatda namizədlərin irəli sürülməsinə start verildi
Aprelin 15-də Müsavat Partiyasının 11-ci qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
İclasda bildirilib ki, mayın 4-nə təyin olunan qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət olunub. Müraciətdə qurultayın Rəşid Behbudov adına Mahnı Teatrının binasında, Nizami kinoteatrında, Səttar Bəhlulzadə adına mədəniyyət sarayında, yaxud uyğun tutumu olan başqa binada keçirilə biləcəyi qeyd oedilib.
Təşkilat Komitəsi qurultaya hazırlıqla bağlı müvafiq prosedurları təsdiqləyib. Prosedurlara əsasən partiyanın seçkili orqanlarına namizədlərin irəli sürülməsinə aprelin 16-dan start verilir. Partiyanın başqanı vəzifəsinə, eləcə də MNTK və Məclis üzvlüyünə namizəd olmaq istəyən şəxslər müvafiq ərizə yazaraq aprelin 30-u, saat 18:00-dək Təşkilat Komitəsinə təqdim etməlidirlər.
Təşkilat Komitəsi qurultayın fəaliyyətini işıqlandırmaq istəyən media orqanlarına qabqcadan partiyaya müraciət edərək akreditasiyadan keçməyi təklif edib.
1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.
Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.
2014 və 2019-cu illərin qurultaylarında Arif Hacılı başqan seçilib.
Foto: Müsavatın 13 sentyabr 2019-cu il tarixli 9-cu qurultayında səslərin sayılması prosesi
Basta