Azərbaycan Rusiyaya məxsus hərbi təyyarənin hava məkanından keçməsinə icazə verməyib
Azərbaycan hərbiçiləri ölkənin hava məkanından uçuşa icazə verməyərək, Rusiyaya məxsus hərbi-kəşfiyyatçı DRLOU A-50 təyyarəsinin Xəzər dənizi üzərində səmada dönməyə və ölkənin hava məkanı ətrafından dolanmağa vadar ediblər. Bu barədə Avia.pro saytı məlumat yayıb.
Rusiyaya məxsus təyyarə Türkmənistan ərazisindən uçmaq üçün bu ölkədən icazə istəməli olub, çox güman ki, belə də etməli olacaq.
Bir neçə gün əvvəl Rusiya HKQ-nin təyyarələri Azərbaycanın hava məkanı üzərindən problemsiz uçuş həyata keçirərək, Suriyadakı “Xmeymim” aviabazasına gedib.
Saytın məlumatına görə, kəşfiyyatçı təyyarə Suriyadan Rusiyaya gedirdi. Bunun konkret olaraq nə vaxt baş verdiyi açıqlanmır. Hələlik bu məsələ ilə bağlı nə Azərbaycan, nə də Rusiya tərəfdən rəsmi şərh yoxdur.
Bakı və Moskva arasında münasibətlər iyulun ortalarında Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşandığı günlərdə Rusiyanın Ermənistana silah göndərməsindən sonra soyuyub. Moskva göz önündəki faktı etiraf etməkdən imtina edib, bu, Bakıda Azərbaycanın maraqlarına açıq-aşkar etinasızlıq kimi qiymətləndirilib.
Turan