İran prezidentinin helikopter qəzasında həlak olduğu təsdiqləndi

 

***

İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopter qəzasından sağ çıxan olmayıb.

Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib.

“Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb”, – Kolivand IRIB-ə bildirib.

İran Qızıl Aypara Cəmiyyətinin (IRCS) prezidenti Pir-Hüseyn Kolivənd İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapıldığını təsdiqləyib.

O bildirib ki, komandalar qəzaya uğrayan helikopterin qalıqlarının yerləşdiyi ərazidədirlər.

Qeyd edək ki, daha əvvəl Qızıl Aypara Milli Fövqəladə Hallar İdarəsi Qərargahı xilasetmə qruplarının Türkiyənin “Akıncı” pilotsuz uçan aparatı tərəfindən müəyyən edilmiş iki qaynar nöqtəyə hərəkət etdiyini açıqlamışdı.

06:32

İranın xilasedici dəstələri Prezident İbrahim Rəisinin qəzaya uğradığı helikopterin yerini aşkarlayıblar.

Bu barədə “Press TV” telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, İranın Qızıl Aypara Cəmiyyəti də Rəisinin helikopterinin qəzaya uğradığı yerin müəyyən edildiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə PUA-sı ərazidə Rəisinin helikopterinin dağıntılarının ola biləcəyi istilik mənbəyi tapıb.

04:57

Türkiyə Silahlı Qüvvələri İran lideri və onu müşayiət edən heyətin olduğu helikopterin axtarış əməliyyatına cəlb edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatına Türkiyə ordusuna aid bir ədəd “Akıncı” pilotsuz uçuş aparatı və “Cougar” tipli gecəgörmə imkanlarına sahib helikopter cəlb olunub.

“Akıncı” PUA bölgədə helikopterin qalıqları ola biləcək bir istilik mənbəyi müəyyən edib və koordinatlar İran tərəfi ilə paylaşılıb.

***

Mayın 19-da İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi.

Bu barədə Azərbaycan dövlət başçısı İlham Əliyev “X”dəki hesabında paylaşım edib.

***

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “Instagram” hesabında hazırkı dövlət başçısı İbrahim Rəisinin öldüyünü elan edib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə Prezident İbrahim Rəisinin helikopterinin axtarışı üçün ordunun, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və polisin bütün qüvvələrindən istifadə olunmasını əmr edib.

19:44

“İran prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığında sərt eniş edib”.

Bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi məlumat verib.

“Prezident duman səbəbindən çətin eniş edən bir neçə helikopterdən birində geri qayıdırdı, xilasedicilər əraziyə gedirlər, lakin duman və pis hava şəraiti səbəbindən bu bir qədər vaxt apara bilər”, – deyə nazir bildirib.

Qeyd olunub ki, helikopterdə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və bir neçə İran rəsmisi də olub. Xilasetmə qrupları İran prezidentinin helikopterinin çətin eniş etdiyi əraziyə çatıblar.

Onlar hadisə barədə məlumat verildikdən təxminən bir saat sonra helikopteri axtarmağa başlayıblar. İddia edilən qəza bölgəsində 20 xilasetmə qrupu işləyir və pilotsuz uçuş aparatları yerləşdirilib. Meşəlik dağlıq ərazidə avtomobil yollarının olmaması, eləcə də əlverişsiz hava şəraiti, o cümlədən qatı duman səbəbindən axtarış-xilasetmə işləri təxirə salınacaq.

“Təcili yardım vertolyotu göndərilib, lakin qatı duman səbəbindən yerə enə bilməyib və geri qayıtmaq məcburiyyətində qalıb. Bu bölgədəki duman o qədər güclüdür ki, görmə sahəsini daraldıb”, – deyə İranın fövqəladə hallar xidmətindən bildirilib.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd də bildirib ki, ən azı 40 xilasetmə qrupu axtarışlarla məşğuldur, onlardan biri helikopterin sərt eniş yerinə çatıb.

Daha sonra “Tasnim” agentliyi helikopterin sərt eniş yerinin dəqiq aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu, İranın Şərqi Azərbaycan əyalətinin Uzi kəndi ərazisində baş verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin rəsmi “Instagram” hesabında “Mənim üçün dua edin” sözləri ilə paylaşım edilib.

Mənbə: İran KİV

19:27

İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

Məlumata görə, hazırda İranın “İRNA” və “Tasnim” xəbər agentliklərinə də giriş məhdudlaşdırılıb.

18:36

“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.

Qeyd edək ki, bundan əvvəl agentlik tərəfindən verilən məlumata görə, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıblar.

17:48

İran Prezidenti İbrahim Rəisini aparan helikopterin qatı duman səbəbindən məcburi eniş etdiyi bəlli olub.

Məlumata görə, dövlət başçısı avtomobillə Təbrizə gedib.

Hadisənin digər təfərrüatı hələ ki açıqlanmayıb.

Fars Xəbər Agentliyi qəzadan sonra iranlıları prezident üçün dua etməyə çağırıb.

17:14

İran Prezidenti İbrahim Rəisini aparan helikopter sərt eniş edib.

Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüblər. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

17:08

İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb.

Məlumata görə, hava karvanında üç helikopter olub, nazirlər və rəsmilərin olduğu iki helikopter sağ-salamat təyinat yerinə çatıb.

Bildirilib ki, prezidenti aparan helikopterdə Təbrizin cümə imamı Ayətullah əl-Haşem və xarici işlər naziri Əmir Abdullahian da olub.

Prezidenti aparan helikopteri tapmaq üçün axtarış-xilasetmə işləri aparılır.

Oxu.az

Mənbə: Tasnim, İRNA, Fars Xəbər Agentliyi, Tass