Krım tatar xalqının soyqırımından 80 il ötür: postsovet məkanının antikommunist liderləri bəyanat verdi

“Varşava 90″kordinasiya mərkəzi  – Həmrəylik Qrupu” Krım tatar xalqına qarşı  soyqırımın 80 illiyi ilə əlaqədar bəyanat qəbul edib.

Bəyanatı keçmiş Sovet blokunun antikomunist xadimləri –  Janina Jadviqa Xmelyovska (Polşa), Sinaver Kadırov (Ukrayna), Pyotr Xleboviç (Polşa), Qenovayte Şakalene (Litva), İsa Qəmbər (Azərbaycan), Arif Hacılı (Azərbaycan), Leonardas Vilkas (Litva), Vardan Arutyunyan (Ermənistan), Tariel Qviniaşvili (Gürcüstan), Oles Şevçenko (Ukrayna), Diana Bidoçko (Ukrayna), Axyad İdiqov (Fransa), Paruyr Hayrikyan (Ermənistan), Valeri Buyval (Belarus), Alla Dudayeva (İsveç), Mariuş Patey (Polşa) və İlmi Umerov (Ukrayna) imzalayıblar.

Bəyanatda deyilir:

“80 il əvvəl, 1944-cü il mayın 18-də SSRİ Dövlət Müdafiə Komitəsinin 11 may 1944-cü il tarixli GOKO-5859 saylı Fərmanı ilə Krımın bütün yerli əhalisi, Krım tatarları, faşist işğalmıları ilə əməkdaşlıq ittihamı ilə cavan-qoca demədən zorla öz yurdlarından çıxarıldı.  Bu cinayət əməli nəticəsində Krım tatarları əhalisinin 46,2 faizini itirib.

Yalnız 1989-cu ilin noyabrında Sovet hökuməti bu Fərmanın qeyri-qanuni olduğunu elan edərək, onu ləğv etdi.

SSRİ-nin Krımın yerli əhalisi olan Krım tatarlarına qarşı cinayəti 2014-cü ilin fevralında SSRİ-nin varisi olan indiki Rusiya Federasiyası tərəfindən davam etdirildi. Rusiya yarımadada yaşayan rusları qorumaq bəhanəsi ilə Krımı ilhaq etdi, bununla da Krım tatarlarına qarşı cinayətlərin yeni dalğasına rəvac verildi.

Qonşu dövlətin bu təcavüz aktı Krım tatarlarının qəzəb etirazına səbəb oldu. Buna cavab olaraq, təcavüzkar ölkənin cəza orqanları fəaalları təqib etməyə başladılar: onlarla Krım tatar vətəndaşı oğurlandı, bəzilərinin meyitləri işgəncə izləri ilə tapıldı, digərləri hələ də itkin düşmüş hesab olunur; on minlərlə vətəndaşa qarşı əsassız cinayət və inzibati işlər açıldı; yüzlərlə insan uzun müddətə (20 ilədək) azadlıqdan məhrum edildi; on minlərlə ailə cinayət təqibindən qaçmağa məcbur oldu”.

Sənəddə daha sonra deyilir ki, Krımda arzuolunmaz ssenarinin inkişafının qarşısını almaq beynəlxalq ictimaiyyətin imkanları daxilindədir: “Krımın tatar xalqının ata-baba ərazisi kimi beynəlxalq səviyyədə tanınması işğal problemini aktuallaşdırar və yerli əhalinin müdafiəsi üçün əlavə qüvvələrin səfərbər edilməsinə səbəb olardı. Bu vəziyyətdə “Krım – Ukraynanın Krım tatar xalqınındır!” formulu beynəlxalq hüquq baxımından ciddi əhəmiyyət kəsb edərdi. Bu formula Ukraynanın təhlükəsizliyinin və ərazi bütövlüyünün qarantı rolunu oynaya bilər.

Allahın izni və birgə səyimizlə düşmənin qarşısını alacağıq və Ukraynanın ərazi bütövlüyünü bərpa edəcəyik!

Ukraynaya və onun Silahlı Qüvvələrinə eşq olsun!

18 may 2024-cü il”

“Varşava 90″kordinasiya mərkəzi  – Həmrəylik Qrupu”

Keçmiş Sovet blokunun antikomunist xadimləri:

Janina Jadviqa Xmelyovska (Polşa),

Sinaver Kadırov (Ukrayna),

Pyotr Xleboviç (Polşa), Qenovayte Şakalene (Litva),

İsa Qəmbər (Azərbaycan), Arif Hacılı (Azərbaycan),

Leonardas Vilkas (Litva),

Vardan Arutyunyan (Ermənistan),

Tariel Qviniaşvili (Gürcüstan),

Oles Şevçenko (Ukrayna),

Diana Bidoçko (Ukrayna),

Axyad İdiqov (Fransa),

Paruyr Hayrikyan (Ermənistan),

Valeri Buyval (Belarus),

Alla Dudayeva (İsveç),

Mariuş Patey (Polşa)

İlmi Umerov (Ukrayna).

 

Bəyanat Ukrayna, polyak və rus dillərində yayımlanıb.

Basta