Sərhəddə evlərini tərk edən ermənilərə təzminat ödənəcək
Dünən, mayın 21-i axşam saatlarında Azərbaycan-Ermənistan sərhədində yerləşən Kirants (Güney) kəndinin mədəniyyət mərkəzində görüş keçirilib.
“Hraparak” qəzetinin məlumatına görə, yerli administrasiyanın əməkdaşları bir neçə saat ərzində bir qrup sakinlə təzminat məsələlərini müzakirə ediblər. Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində evlərini itirən Kirans sakinlərindən, eləcə də körpünün təhvil verilməsi səbəbindən evləri sərhəd zolağına düşən ev sahiblərindən gedir.
Məlumata görə, hökumət həmin insanlara yeni evlərin tikintisi üçün kompensasiya vermək niyyətindədir və onlar artıq kəndin “sovxoz” ərazisində tikinti işlərinə başlayıblar.
Onlar iyunun 24-dək ərazini tərk etməlidirlər.
Qeyd edək ki, delimitasiya çərçivəsində Kirants ərazisinin bir hissəsi – bunlar iki ev, üç kotec, körpü, Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi və ilkin olaraq bir neçə hektar torpaq sahəsi Azərbaycanın nəzarətinə keçib. Sərhədə yaxın ərazidə olan 5-6 evin sahibi də, “təhlükəsizlik” baxımından, oradan köcmək istədiklərini bildiriblər.