Tofiq Yaqublu nədə “ittiham” olunur?

 

İstintaqda düzüb-qoşduqları materiallarından məlum olub ki, söhbət 55 000 manatdan gedir.

Bu vaxta kimi cinayət işiylə bağlı bilərəkdən özüm heç nə yazmırdım. İstintaqın yekunlaşmasını gözləyirdim. İstintaq bitdiyi üçün təfərrüatları artıq rahatca yaza bilərəm.

Deməli, belə! Tofiq Yaqublunun həbsinin sifarişi 2023-cü ilin oktyabr ayından verilibmiş. Bunu haradan bilirik deyə, soruşa bilərsiniz. Bu gün Tofiq Yaqublunun üzünə duranlardan biri “jurnalist” Elnur Məmmədov (Vaqifoğlu, Azərsoy kimi də tanınır) hələ oktyabr ayından Tofiq Yaqublu ilə kontaktlar qurmağa çalışırmış. Gah məhkəmələrin önünə gələrək ona yaxınlaşıb, gah ondan Gürcüstana getmək istədiyini deyib, gah Saakaşviliyə dəstək olaraq Gürcüstanda aksiya etmək istədiyini bildirib, gah da Tofiq Yaqubludan Gürcüstanda qohumunun olub-olmamasını soruşub. Tofiq Yaqublu hər dəfə ondan şübhələndiyi və başından eləmək üçün qısa cavablarla özündən uzaqlaşdırıb. Hətta məhkəmə önünə gələn əqidə yoldaşlarını xəbərdar edib ki, “bu adam yöndəmli adam deyil, şübhəli adama oxşayır. Onunla danışanda ehtiyatlı olun”.

Senari isə belədir. Guya Tofiq Yaqublu heç üzünü görmədiyi, tanımadığı adamı üzəduran “jurnalist” Elnur Məmmədov vasitəçiliyi ilə AZTV-nin dağıtdığı Almaniyaya mühacir gördərirmiş. Almaniyaya mühacir getmək istəyən Huseynov Elşən Cəlal oğlu adlı üzəduran guya 2023-cü ilin dekabr ayının 8-də Elnur Məmmədov vasitəsi ilə Tofiq Yaqubluya 25 000 avro və 10 000 manat verib ki, onu mühacir kimi dağılan Almaniyaya göndərsin. Elə həmin ilin dekabr ayının 11-də isə işinin düzəlmədiyini görən Hüseynov Elşən gedib polisə şikayət edib ki, bəs, mən Almaniyaya mühacir getmək istəyirdim, 3 gün əvvəl Elnur Məmmədov vasitəsi ilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul vermişəm. Ancaq mənim işimi düzəltməyib. Senarinin inandırıcı olması üçün Elnur Məmmədovu da həbs ediblər.
Adama deyərlər, bir hövsələn olaydı. Heç olmasa 3 ay gözləyərdin. Bəlkə “işin” düzələcəkdi)))

İndi gələk bu cinayət işinin saxta olmasına.

Birincisi, ölkədəki rejimdən qaçan adam heç vaxt Əliyev rejiminin sütunu olan polisə gedib şikayət etməz ki, mən sizin əlinizdən qaçmaq üçün illeqal yollarla işi düzəltməsi üçün filankəsə bu qədər pul vermişəm. Bu senari məhşur mahnının sözlərinə bənzəyir.
“Sənə yar, səndən yar şikayətim var”.

İkincisi, harada görünüb ki, 3 günə viza alınıb Avropaya gedilsin. Viza almaq üçün 1 ay vaxt lazımdır.
Əgər Tofiq Yaqublu 3 günə kimisə mühacir göndərən idisə, niyə bunu oğlu Rehim Yaqublu üçün etmirdi?
Rəhim Amerikaya Meksikadan qaçaq yolla gedib və bir aya yaxın Amerikada həbsxanada olub. Elə viza almaq asan məsələ idisə, niyə oğlu üçün o vizanı 3 günə alıb mühacir göndərmirdi?

Xatırladım ki, Tofiq Yaqublu oğlunun öldürüləcəyi ilə təhdid olunurdu və buna görə də ölkədən gedib. Biz Əliyev rejimindən hər şey gözləyirik. Buna isə o qədər əsaslarımız var ki….

Üçüncüsü, evimizə qoyduqları pullar arasında həm avro, həm dolıar, həm manat var idi. İstintaq materiallarında isə dollarlardan söhbet getmir. Ancaq avro və manat var. Belə çıxır ki, polis şərləmək üçün evimizə qoyduğu dollarları öz nəfinə “buxarlandırıb”.

Dördüncüsü, guya Tofiq Yaqublu “aldığı” pulları bir bağlama şəklində öz balışının altında saxlayırmış. Hərçənd ki, pulu anamın balışının altına qoymuşdular. Tutaq ki, lap elə siz deyəndir. Adam 55 mini balışının altına niyə qoysun ki? Tutaq ki, qoyar. Bəs o pul bağlaması yatanda ona narahatlıq vermirmi?

Beşincisi, evimizə axtarışa gələn müstəntiq Abdulla Cəlilli (istintaq materiallarındakı şəkillərdən məlum oldu ki, axtarışda özü iştirak edib. Bu vaxta qədər isə şəxsən özünün gəldiyini danırdı) axtarış zamanı videoçəkilişdən istifadə etməyib. Yaılnız şəkil çəkməklə kifayətlənib. Adama deyərlər, ay kişi, o boyda Tofiq Yaqublunun “cinayətini” araşdırmağa gəlmisən, o boyda pul gətirmisən, bir bunu videoya çək. Sonra camaata da göstər ki, bu pul, bu da sübut. Bir fərasətin olsun.

Altıncısı, müstəntiq istintaq materiallarında Maya Yaqublunun evimizdə “tapılan” pullarla bağlı protokolu niyə imzalamadığını belə əsaslandırıb. Guya anam Maya Yaqublu deyibmiş ki, o pullar bizimdir, onu heç yerə aparmayın. Ona görə də protokolu imzalamayıb. Gerçək isə belədir. Anam deyib ki, o pullar siz gətirmisiniz. Mən o pulıarla bağlı protokolu imzalamıram.
“Ağıllı” müstəntiq Abdulla Cəlilli ona görə axtarış zamanı videoçəkiliş etməyib ki, anamın dediyi həqiqətlər videoya düşməsin, onların “dəlilləri” puç olmasın.

Əslində müstəntiq Abdulla Cəlillinin kütbeyincəsinə tərtib etdiyi istintaq materialları özünüifşadır.

İstintaqla bağlı detalları məhkəmələr zamanı daha ətraflı yazacam. Ümumi mənzərə sizlərə aydın olsun deyə, istintaq barədə qısaca yazdım.

Yazı Nigar Həzinin feysbuk səhifəsindən götürülüb.