Müsavat seçkilərlə bağlı aralıq hesabatı yaydı
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı 1 sentyabr 2024-cü il tarixli Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı aralıq hesabat yayıb.
Sənəddə deyilir:
Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər ölkədə seçkiqabağı demokratik mühitin, azad və ədalətli seçkilərin keçirilməsi üçün müvafiq qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının olmadığı şəraitdə təyin edilib.
Belə ki, seçkiöncəsi dövrdə ölkədə sərbəst toplaşma, söz və ifadə azadlığı təmin edilməyib. Fərqli düşüncəyə və tənqidi yazılara görə siyasətçilərə, jurnalistlərə, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təqib və həbslər davam edib.
Siyasi məhbuslar azadlığa buraxılmayıb.
Namizədlərin irəli sürülməsi və imza toplanması kampaniyası dövründə müxalifətdən olan və müstəqil namizədlər bir çox bürokratik əngəllərlə üzləşib.
Xüsusilə, partiyalardan öz namizədliyini irəli sürən namizədlərdən çoxsaylı, həm də notariuslar və banklar tərəfindən təsdiq olunan sənədlərin tələb olunması onlar üçün əlavə çətinliklər yaradıb.
Bəzi seçki dairələrində (məs; 57 saylı Xaçmaz şəhər, 101 saylı Samux-Şəmkir seçki dairələrində) Müsavat namizədlərindən dilə tutma, təhrik və təhdid üsullarından istifadə etməklə namizədlikdən könüllü olaraq imtina olunması tələb edilib.
Müstəqil və müxalifətdən olan namizədlərin xeyrinə imza atmış seçicilər DSK və yerli İcra Hakimiyyəti nümayəndələri tərəfindən sorğu-suala tutulub. Həmin namizədlərin xeyrinə imza atmaları onlar üçün problem yarada biləcəyi ilə hədələnib.
Bəzi hallarda yalnız müxalifət nümayəndələrindən deyil, müstəqil olaraq namizədliyini irəli sürmüş şəxslərdən də namizədlikdən imtina etmələri tələb olunub.
Bunun nəticəsidir ki, ölkənin ictimai-siyasi həyatında tanınmış bəzi namizədlər seçki marafonunda iştirakını dayandırıb.
Müddətin azlığı və seçici imzası verən şəxslər barədə həddən artıq məlumatların tələb olunması imza toplanması zamanı müstəqil və müxalifətdən olan namizədlər üçün əlavə problemlər yaradıb.
Alınan çoxsaylı məlumatlara görə hakim partiyanı təmsil edən və ya hakimiyyətin dəstəklədiyi namizədlərin əksəriyyəti qanunla tələb olunan qaydada imza toplamayıb.
Müsavat Partiyası tərəfindən irəli sürülmüş, seçici imzaları və qanunda nəzərdə tutulan sənədləri DSK-lara təqdim etmiş namizədlər, 57 saylı Xaçmaz şəhər seçki dairəsindən Zöhrab Əmrahov, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən İkram İsrafil, 84 saylı Füzuli seçki dairəsindən Osman Kazımov, 89 saylı İsmayıllı seçki dairəsindən Dünyaxanım Cərullayeva və başqalarının namizədliyi müxtəlif bəhanələrlə qeydə alınmayıb.
Seçki Məcəlləsinə zidd olaraq seçki kampaniyasının gedişində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairənin dislokasiyasının dəyişdirilməsi barədə məlumat verilib.
Seçki kampaniyasının bu mərhələsi hakim siyasi qüvvənin nəzarəti altında keçib. Seçki prosesində inzibati resursdan iatifadə olunub.
Müsavat Partiyası seçki kampaniyasına qoşulmuş, bütün çətinliklərə baxmayaraq qeydə alınmış 25 namizədi, eyni zamanda MSK və DSK larda qeydiyyatdan keçmiş çoxsaylı müşahidəçiləri vasitəsi ilə
seçki prosesində iştirakını, qanun pozuntuları və saxtakarləqlara qarşı mübarizəsini davam etdirəcək.