Müsavatın “Qafqazinfo”ya qarşı iddiası üzrə məhkəmə başlayır
Sentyabrın 13-də saat 15:00-da Nərimanov Rayon Məhkəməsində
Müsavat Partiyasının “Qafqazinfo” xəbər portalına qarşı iddiası üzrə məhkəmə prosesi başlayacaq. Partiyadan verilən məlumata görə, işə hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər.
Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub. Görüşdə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı, Avropa İttifaqı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən başqa diplomatları da iştirak ediblər. Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb.
Bir qayda olaraq Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri hər seçkilər ərəfəsində müxtəlif siyasi partiyalarla, o cümlədən hakimiyyətdəki siyasi partiyanın nümayəndələri ilə görüşlər keçiriblər.
Lakin “Qafqazinfo” xəbər portalı və bəzi digər iqtidaryönlü media orqanları həmin görüş barədə yalan və böhtanlarla dolu məlumat yayıblar. Partiyanın adıçəkilən redaksiyaya ünvanladığı məktubda bildirilir ki, həmin məlumatda görüşün iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər barədə yazılanlar tamamilə uydurma və böhtandır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də hakimiyyətyönlü medianın bu böhtanına rəsmi bəyanatla etiraz edib.
Müsavat Partiyası “Qafqazinfo” xəbər portalından sözügedən yalan və böhtanlarla bağlı təkzib verilməsini tələb etsə də, redaksiya buna məhəl qoymayıb.
Basta