Harris debatda Trampı əsəbləşdirdi
ABŞ-ın Demokrat Vitse-prezidenti Kamala Harris və sabiq Respublikaçı Prezident Donald Tramp çərşənbə axşamı keçirilən debata qədər heç vaxt görüşməmişdilər, ancaq onlar noyabrın 5-də keçiriləcək ümumilli seçkilərdən öncə baş tutan bu mühüm qarşılaşmada dərhal mübahisəyə başladılar.
İki namizəd debatın başlanğıcında əl sıxışaraq, Filadelfiyada yerləşən Milli Konstitusiya Mərkəzindəki səhnədə öz yerlərinə keçib, bir-birini atəşə tutmağa başladı.
Reuters yazır ki, Kamala Harris debatda rəqibi Donald Trampı müdafiəyə keçməyə məcbur edib, ona vəzifəyə uyğunluğu, abort məhdudiyyətlərini dəstəkləməsi və bir çox hüquqi problemlərinə görə hücum edib: “Keçmiş prokuror, 59 yaşlı Harris mübahisəni əvvəldən idarə etdi, dəfələrlə rəqibinin əsəblərinə toxundu və 78 yaşlı Trampı qəzəbli şəkildə bir sıra yalan cavablar verməyə məcbur edib. Harris dedi ki, insanlar tez-tez onun təşviqat mitinqlərini “yorğun və cansıxıcı olduqları üçün” erkən tərk edirlər.
Harrisin görüşlərindəki izdihamdan qıcıqlanan Tramp dedi: “Mənim mitinqlərim siyasət tarixində ən böyük mitinqlər, ən inanılmaz mitinqlərdir”.
Daha sonra Tramp senator Vens tərəfindən səsləndirilmiş Ohayo ştatının Springfild şəhərində mühacirlərin ev heyvanları yediyi barədə iddiaya keçdi.
Tramp “İt yeyirlər!” dedi və Harris buna uca səslə güldü.
Trampın “Gəlmələr pişik yeyirlər! Orada yaşayan insanların ev heyvanlarını yeyirlər” – ittihamına Harris “bu, artıq ağ yalan oldu” deyə cavab verdi.
Namizədlər həmçinin ABŞ iqtisadiyyatı, Amerika qadınlarının abort hüquqları, ABŞ-ın Meksika ilə sərhədində immiqrasiya, İsrailin Qəzzada HƏMAS militantlarına qarşı müharibəsi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və 2021-ci ilin yanvarın 6-da Konqres Trampın 2020-ci il seçkisindəki məğlub olduğunu təsdiqlədiyi zaman ABŞ Kapitolisindəki iğtişaşla bağlı mübahisə etdilər.
Trampın 2020-ci ildə Prezident Co Baydenə məğlub olduğu seçkiyə istinad edən Harris dedi ki, “Donald 81 milyon insan tərəfindən işdən çıxarıldı. O bunu qəbul etməkdə çox çətinlik çəkir.”
Tramp bu yaxınlarda seçkidə “cüzi fərqlə” uduzduğunu deyib, ancaq çərşənbə axşamı debat səhnəsində bunun istehza ilə söylənmiş bir ifadə olduğunu dedi və 2020-ci il seçkisinin nəticəsinin legitimliyini etiraf etməkdən imtina etdi.
Bir-birindən qısa məsafədə dayanan namizədlər bir-birinin şərhlərinə baş yellədilər, Harris isə Trampın bəzi sözlərinə səsli güldü. ABC News kanalının aparıcıları Deyvid Muir və Linsi Deyvis qarşılaşmanın axınına nəzarət etməyə çalışsalar da, zaman-zaman buna müvəffəq olmadılar.
İki namizəd arasında yeganə ola biləcək debatı on milyonlarla amerikalıının izlədiyi güman olunur. Qarşılaşma seçki günündən səkkiz həftə öncə baş tutsa da, o, ölkənin 50 ştatının bəzilərində erkən səsvermənin başlamasından bir neçə gün öncəyə təsadüf edib.
Debat səhnəsində Harris və Tramp üçün qaydalar iyun ayında Trampla Prezident Co Bayden arasında keçirilən debatla eyni oldu. Həmin debatda Bayden zəif performans sərgiləmişdi və bu da onun, rəy sorğularında Trampdan geri qalmasından sonra namizədliyini geri çəkməsinə gətirib çıxarmışdı.
Bir namizəd danışarkən digərinin mikrofonu söndürülürdü və onların bir-birinə sual ünvanlamalarına icazə verilmirdi.
Bununla belə, onlar bir-birinin sözünü kəsirdi. Debatda canlı tamaşaçı yox idi.
Bu, prezidentliyə namizəd olaraq Harrisin ilk debatı, Trampın isə 2016-cı ildən bəri üç seçki kampaniyası zamanı iştirak etdiyi yeddinci debatdır.
Rəy sorğuları iki namizədə dəstəyin bir-birinə çox yaxın olduğunu göstərir ki, bu da debatın əhəmiyyətini artırır və hər iki namizədin hələ də, qərarsız olan seçiciləri cəlb etmək üçün əllərindən gələni etmələrini vacib edir.
Baydenin yarışdan geri çəkilərək, xələfi kimi Harrisi dəstəkləməsindən sonra Demokratlar Harrisin namizədliyi ətrafında birləşiblər. Bayden seçki kampaniyasını sonlandırdığı zaman rəy sorğularında Trampdan geridə gəlsə də, Harris bir sıra rəy sorğualrında 2 və ya 3 faizlə Trampan önə keçib.
Ancaq New York Times-Siena Kollecinin bazar günü yaydığı rəy sorğusunun nəticələri göstərir ki, Tramp ölkə boyu 48-47 faiz nisbəti ilə Harrisdən öncə gedir. Bununla belə qəzet Harrisin üç mühüm ştat olan Viskonsin, Miçiqan və Pensilvaniyada cüzi fərqlə öndə olduğunu bildirib. Digər dörd mühüm ştatda – Arizona, Corciya, Nevada və Şimali Karolinada iki namizədə dəstək bərabərdir.
Times-Siena sorğusunun nəticələri göstərdi ki, debat xüsusilə də özünü Amerika xalqına təqdim edən Harris üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, sorğu iştirakçılarının 28 faizi onunla bağlı daha çox şey bilməyə ehtiyaclarının olduğunu deyib. Müqayisədə iştirakçıların yalnız 9 faizi Tramp barəsində daha çox şey bilməli olduqlarını deyib.