Yanğında 4 uşaq ölüb
Baş Prokurorluq Respublika Perinatal Mərkəzində yanvarın 9-da 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edib.
Qurum çərşənbə günü yaydığı məlumatda bildirib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.
***
Gecə saatlarında Xətai rayonunda yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib.
Məsələ ilə bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumat yayıblar.
Məlumatda deyilir ki, yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub, Baş Prokurorluq tərəfindən zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Qeyd olunub ki, hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub: “Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”.
Həmçinin Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.