Müsavat Divanının gündəliyi
Oktyabrın 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Müsavat başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılının Portuqaliyanın Lissabon şəhərində Avropa Liberal Demokrat Partiyasının (ALDE) konqresində iştirakı və keçirdikləri görüşlər yüsək qiymətləndirilib.
Ötən həftə ərzində rayon təşkilatlarında keçirilən iclaslar haqqında məlumat verilib.
Daha sonra ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub.
Siyasi mühacir Vidadi İsgəndərlinın Fransada qətlə yetirilməsinin cəmiyyətdə ciddi narahatlıq doğurduğu bildirilib, Fransanın müvafiq qurumlarına qətlin obyektiv araşdırılaraq cinayətkarların tapılmasına çağırış edilib.
Ölkədə repressiyaların davam etməsi pislənilib. Qeyd edilib ki, sabiq deputat Nazim Bəydəmirlinin əsassız olaraq 8 il azadlıqdan məhrum edilib. Gənc fəal Ülvi Həsənliyə qarşı həbsxanada təzyiqlər artırılıb. Abzas Media, Toplum TV əməkdaşlarının və digərlərinin həbs müddəti növbəti dəfə uzadılıb, bununla da həmin işlər üzrə əsassız tutulan şəxslərin faktiki olaraq məhkəməsiz cəzalandırılmasına rəvac verilib.
Bir qrup ABŞ konqresmenlərinin Entoni Blinkenə müraciəti və Azərbaycan parlamentinin buna reaksiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, konqresmenlərin müraciətində Azərbaycanda siyasi məhbuslarla bağlı müddəa əsaslı olsa da, Ermənistan-Azərbaycan münasibətləri haqda bəzi əsassız iddialar yer alıb.
Rusiya Xarici Kəşviyyat Xidmətinin direktoru Sergey Narışkinin Bakıya rəsmi səfəri çərçivəsində, onun bir sıra iddiaları, o cümlədən “sistemdənkənar müxalifətə” qarşı Rusiya və Azərbaycan
hakimiyyətlərinin birgə mübarizə aparacağı barədə açıqlaması Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilə kimi qiymətləndirilib.
Müsavat Azərbaycan hakimiyyətindən ölkədə siyasi məhbusları azad etməyi və insan haqlarının təmin olunması ilə bağlı öhdəliklərə əməl olunmasını tələb edir. Müsavat həmçinin Azərbaycana qarşı əsassız ittihamlara rəvac verməmək üçün regionda normallaşma prosesini və Ermənistanla sülh sazişinin imzalanmasını sürətləndirməyə çağırır.
Divan Müstəqilliyin Bərpası Günündə – oktyabrın 18-də saat 12:00-da milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi barədə qərar qəbul edib.
Oktyabrın 17-də saat 14:00-da isə partiyanın qərargahında bayram tədbiri keçiriləcək.
Sonda cari məsələlər müzakirə olunub.