Müsavat Divanının gündəliyi
Oktyabrın 28-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
İclasda əvvəlcə görülən işlər müzakirə olunub. Ötən həftə ərzində partiyanın Biləsuvar və Binəqədi rayon təşkilatlarının yığıncaqları keçirilib. Hər iki rayon təşkilatının rəhbər vəzifələrinə seçkilər keçirilib. Cəlilabad rayon təşkilatının Şura iclasında isə bələdiyyə seçkilərində iştirak məsələsinin müzakirə olunduğu bildirilib.
Daha sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı, başqanın müavinləri Gülağa Aslanlı və Razim Əmiraslanlının Gürcüstana səfəri barədə məlumat verilib. Müsavat rəhbərliyi mötəbər qurumların dəvəti ilə beynəlxalq müşahidəçi qismində seçkiləri müşahidə edib, bir sıra ictimai-siyasi xadimlər, o cümlədən bu ölkədəki soydaşlarımızla görüşlər keçiriblər.
Divanda Gürcüstanda keçirilən seçkilərin nəticələri təhlil edilib. Həmçinin bu seçkilərdə tədbiq olunan texnoloji yeniliklərin öyrənilməsinin vacibliyi vurğulanıb.
Daha sonra ictimai-siyasi vəziyyət müzakirə olunub. Azərbaycanda dekabr ayında keçirilməli olan bələdiyyə seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bir sıra rayon təşkilatları seçkilərdə iştirak etmək niyyətində olduqlarını bildiriblər.
Sonda cari məsələlər müzakirə olunub.