AXCP fəalı işgəncələrə məruz qaldığını bildirib
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Məhərrəmli Penitensiar Xidmətin 3 saylı İxtisaslaşmış Mualicə Müəssiəsində qeyri-insani rəftara məruz qaldığını bildirib. Hazırda 2 saylı cəzaçəkmə müəssisəsində olan Məhərrəmli bunu yazdığı məktubda qeyd edib.
Bu barədə AXCP məlumat yayıb.
Məlumata görə, Aqil Məhərrəmli iyul ayında “koronavirus” diaqnozu ilə 2 saylı cəzaçəkmə müəssisəsindən Müalicə Müəssisəsinə köçürülüb.
Məhərrəmli iddia edir ki, müəssisədə saxlanılan koronavirus xəstələrinə işgəncə verilir.
“Tam olaraq 41 gün 3 saylı Vərəm Əleyhinə İxtisaslaşmış Mualicə Müəssiəsində qalmışam. Hamını bir yerə yığıb ağzımızı bağladılar, biz də aspirin, parasetamolla bu xəstəliyə “qalib” gəldik. Bütün bunlar bir yana, hələ günlərlə cəza palatasına (karser) də salındıq. Şəxsən məni 10 gün cəza palatasında saxlayıblar. Yalnız yatanda döşəklə təmin olunurdum. Bütün günü quru taxtanın üzərində yatırdım. Verilən döşək isə çox bərbad halda idi. Qoxusu dəhşət idi. Adi sabun nədir ki, onu israrla alırdıq. Bir dəfə özümü pis hiss etdim və həkim tələb etdim. Cavab bu oldu ki, bura “Tubzon”un karsıdır. Burada istəklər reallaşmır. Koronavirus xəstələri olaraq aramızda işgəncə verilənlər də var idi. Bütün günü hökumətə tərif deyən Niyaməddin Orduxanlının doğma qardaşı oğlu Novruz Orduxanlıya işgəncə verirdilər. İnanın ki, əsirlikdə olanlarla belə davranmırlar. Məhkumları döyüb, çılpaq formada çarpayıya qandallayırlar. Tualet istəyənə isə “canın çıxsın” cavabı verilir. Bir şey ki, telefon danışığı 5 manata satılırdı”.
Penitensiar Xidmətdən Amerikanın Səsinə bildirblər ki, məktubda yazılanlar həqiqətə uyğun deyil.
“3 saylı İxtisaslaşmış Mualicə Müəsisəsində insanları müalicə edirlər. Orada müalicə olunan şəxslərə qarşı hər hansı işgəncə və qeyri-insani rəftardan söhbət belə gedə bilməz,” Penitensiar Xidmətin əməkdaşı qeyd edib.
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, bu təşkilatın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb.
Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında deyilir ki, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Məlumatda Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş partiya fəallarının həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. Onlara Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi açılıb.
Aqil Məhərrəmli və Babək Həsənov həmin ittihamlar üzrə üç il azadlıqdan məhrum olunub.
AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.