Azərbaycan və Ukrayna prezidentləri nədən danışıblar?

Azərbaycan və Ukrayna prezidentləri ölkələrinin suverenliyi və ərazi bütövlüyü məsələlərində bir-birlərini dəstəklədiklərini vurğulayıblar.

President.az saytının məlumatına görə, çərşənbə axşamı telefon söhbətlərində Volodimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.

Telefon söhbəti zamanı enerji, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib, president.az bildirib.

Sentyabrın əvvəlində Ukrayna ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyasını təsdiqləyib və Azərbaycan, Türkiyə, Gürcüstan və Litva daha bir neçə ölkə ilə yanaşı Ukraynanın strateji tərəfdaşları kimi qeyd olunub.